Ramil Usubov İsraildə danışıqlarda

Ramil Usubov İsraildə danışıqlarda
  20 İyun 2018    Oxunub:3996
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyəti İsrail Dövlətində rəsmi səfərdə olub.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, iki gün davam edən səfər çərçivəsində cənab Ramil Usubov və onu müşayiət edən şəxslər Təl-Əviv şəhərindəki İsrail Antiterror Mərkəzinin fəaliyyəti ilə tanışlıqdan sonra bu ölkənin Müdafiə Nazirliyinin tabeliyindəki sənaye müəssisələrində də olub. Burada istehsal edilən müasir texnoloji vasitələr və məhsulların cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahələrində tətbiqinə dair qonaqlara məlumat verilib.

Daha sonra daxili təhlükəsizlik naziri Gilad Erdan və müdafiə naziri Aviqdor Liberman general-polkovnik Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyətini qəbul ediblər.

Qonaqpərvərliyə və səfərin yüksək səviyyədə təşkilinə görə hər iki nazirə təşəkkürünü bildirən nazir Ramil Usubov xalqlarımız arasında əlaqələrin qədim tarixə malik olduğunu, dünyada multikultural dəyərlərin hökm sürdüyü ölkə kimi tanınan respublikamızda müxtəlif millətlərin, o cümlədən yəhudilərin əsrlər boyu tolerant mühitdə, dostluq və mehribanlıq şəraitində yaşadıqlarını, ikitərfəli münasibətlərin qurulmasında Milli lider Heydər Əliyevin önəmli rolunu vurğulayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və İsrail Dövləti rəhbərliyinin siyasi iradəsi nəticəsində bu əməkdaşlığın strateji tərəfdaşlığadək inkişaf etdiyini diqqətə çatdırıb.

Görüşlər zamanı regional təhlükəsizlik, beynəlxalq terrorizm və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə məsələləri ətraflı müzakirə edilib, iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığa dair beynəlxalq hüquqi sənədlərin qəbul olunmasının zəruriliyi qeyd olunub, hazırda “Azərbaycan Respublikasının və İsrail Dövlətinin hökumətləri arasında daxili və ictimai təhlükəsizlik məsələlərində əməkdaşlıq haqqında Saziş” layihəsinin razılaşdırılması istiqamətində səylərin davam etdirildiyi vurğulanıb.

Xalqlarımızın və ikitərəfli əməkdaşlığın tarixi və perspektivləri barədə xoş sözlərinə görə cənab R.Usubova təşəkkürlərini bildirən cənab G.Erdan və cənab A.Liberman bir neçə gün əvvəl Azərbaycanda qeyd olunmuş Milli Qurtuluş Günü və Ramazan bayramı münasibətilə nümayəndə heyətimizi təbrik ediblər.

Onlar son illər ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlardan, beynəlxalq nüfuzunun artmasından, eyni zamanda, ictimai asayişin, sabitliyin yüksək səviyyədə qorunmasından, azərbaycanlılarla bərabər əcnəbilərin, o cümlədən İsrail vətəndaşlarının da təhlükəsizliyinin təmini istiqamətində daxili işlər orqanları əməkdaşlarının böyük əmək sərf etdiklərindən məmnunluqlarını ifadə ediblər, bu səfərin iki dövlətin müvafiq strukturları arasında əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəyinə əminliklərini bildiriblər.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

AzVision.az


Teqlər: Ramil-Usubov   DİN   İsrail   Liberman  





Xəbər lenti