Komitə sədri: “SSRİ dönəmində də tarlada zəhərlənmələr olurdu”
Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib. O, bildirib ki, pambıq tarlalarında zəhərlənmə hadisəsi SSRİ dönəmində də olub.
Komitə sədri qeyd edib ki, dərman vurulduqdan sonra tarlaya girmək olmaz: “Zəhərlənmə həmin adamların ehtiyatsızlığından olur. İsti havalarda dərman vurulduqdan sonra sahəyə girmək olmaz. Zəhərlənmə hadisələri əsasən Aran rayonlarında baş verib. Müxtəlif rayonlarda pambıq tarlasında baş verən zəhərlənmə hadisələri Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırılır. Zəhərlənmə hadisələrini səhlənkarlıq və məsuliyyətsizlik ucbatından, təcrübəsizlik və maarifləndirmə işinin olmaması ilə əlaqələndirirəm. Sovetlər dönəmində belə sahələrin qıraqlarında kölgəlik olardı, zəhərlənən işçi olanda ona ayran verərdilər”.
Qeyd edək ki, son vaxtlar Saatlı, İmişli, Tərtər və Yevlax rayonlarında pambıq tarlasında işləyən sakinlər arasında kütləvi zəhərlənmələr baş verib.
Aytən Zəhra
AzVision.az
Teqlər: Eldar-İbrahimov Pambıq Zəhərlənmə