Azərbaycan-Ukrayna əlaqələri müzakirə edilib

Azərbaycan-Ukrayna əlaqələri müzakirə edilib
  23 İyun 2018    Oxunub:1257
Ukraynada səfərdə olan iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Kiyevdə Heydər Əliyev Parkında ümumilli liderin abidəsini ziyarət edib, abidə önünə əklil qoyub, gül dəstələri düzüb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, sonra Ş.Mustafayev Ukrayna Nazirlər Kabinetində bu ölkənin Baş nazirinin müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubivlə görüşüb.

Azərbaycan-Ukrayna iqtisadi-ticarət əlaqələrinə və əməkdaşlığın genişləndirilməsi imkanlarına dair qarşılıqlı fikir mübadiləsinin aparıldığı görüşdə nazir Ş.Mustafayev ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə inkişaf etdiyini, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığını vuirğulayıb. Qeyd olunub ki, Azərbaycan-Ukrayna əlaqələri iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir, ticarət dövriyyəsinin həcmində müsbət artım dinamikası müşahidə olunur. Belə ki, 2017-ci ildə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 2,5 dəfə, bu ilin 4 ayında isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8% artıb. İndiyədək Azərbaycan tərəfindən Ukrayna iqtisadiyyatına 362 mln. dollar, Ukrayna tərəfindən isə Azərbaycanın qeyri-neft sektoruna 25 mln. dollar investisiya yatırılıb. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, nəqliyyat, xidmət və s. sahələrdə 150-ə yaxın Ukrayna kapitallı şirkət fəaliyyət göstərir. Əməkdaşlığın genişləndirilməsi perspektivlərinə gəlincə, iqtisadiyyat naziri qeyd edib ki, Azərbaycan məhsullarının Ukraynaya ixracının artırılması, kənd təsərrüfatı, Azərbaycanın tranzit imkanlarından istifadə, sənayenin əczaçılıq, kimya, maşınqayırma, qida məhsulıları, tikinti materiallarının istehsalı sahələrində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Ukrayna iş adamları Azərbaycanda yaradılan sənaye parklarına və aqroparklara investisiya yatıra bilər.

Azərbaycan nümayəndə heyətinin Ukraynaya səfəri zamanı Kiyevdə Azərbaycan Ticarət Evinin açılacağını vurğulayan nazir Ş.Mustafayev ticarət evinin ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin daha da genişlənməsində, biznes təşəbbüslərinin stimullaşdırılmasında və Azərbaycan məhsullarının “Made in Azerbaijan” brendi ilə Ukrayna bazarında təşviqində önəmli olacağını qeyd edib.

Ukrayna Baş nazirinin müavini, iqtisadi inkişaf və ticarət naziri S.Kubiv ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdiyini, son zamanlar ticarət əlaqələrinin daha da genişləndiyini qeyd edib, iqtisadi əməkdaşlığın inkişafı perspektivlərinə dair fikirlərini bölüşüb.

AzVision.az


Teqlər: Şahin-Mustafayev   Ukrayna  





Xəbər lenti