ADAU-da media təmsilçilərinin infoturu keçirilib
Universitetin maddi-texniki bazası, o cümlədən tələbə evləri, müasir heyvandarlıq kompleksi, maşın-traktor parkı, istixanaları, quşçuluq tədris mərkəzi, baytarlıq və bitki klinikaları, kitabxana, təlim mərkəzləri, torpaqşünaslıq və aqrokimya, toxumçuluq laboratoriyaları, anatomiya və pataloji anatomiya muzeyləri, və digər yerlərlə tanış olan media təmsilçiləri yaradılmış şəraiti çox yüksək qiymətləndiriblər.
Universitetlə tanışlıqdan sonra keçirilən görüşdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bütün media nümayəndələrinə, görüşün təşkilində göstərdiyi dəstəyə görə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Anar Hüseynova təşəkkürünü bildirməklə, aqrar təhsilə dövlət dəstəyi, aqrar mütəxəssislərə ehtiyacın ödənilməsində ADAU-nun rolu, aparıcı müəssisələrlə əməkdaşlıq əlaqələri, təhsil proqramlarının yenilənməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Görülmüş işlərin təbliğində mətbuatın əhəmiyyətini qeyd edən rektor bu kimi turların universitet-media əlaqələrinin genişləndirilməsinə, bütövlükdə aqrar təhsilin inkişafına mühüm töhfələr verdiyini qeyd edib.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Anar Hüseynov, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssisi Afət Yaqubova, “ARB 24” telekanalının baş direktoru Nadir Şəfiyev aqrar sahədə və aqrar təhsildə baş verən struktur dəyişiklikləri, onların ictimaiyyətə çatdırılmasının forma və üsulları barədə çıxışlar edib, sualları cavablandırıblar.
AzVision.az
Teqlər: ADAU