Bakı Limanında konteyner aşırılması 53 faiz artıb
Sərnişin daşımasında isə 37 faiz artım müşayiət olunubdur. Belə ki, cari ilin yarımilində 19965 sərnişin Bakı Limanının imkanlarından istifadə edib. Onlardan 16526 sərnişin (82.8 %) Türkmənistan, 3439 sərnişin (17.2%) isə Qazaxıstan və əks istiqamətdə səfərlər ediblər.
Ələt qəsəbəsində yerləşən Bərə Terminalında vaqon aşırılması 1%-ə yaxın artaraq 21960 ədədə çatıb. Vaqonların 9409-i (42.8%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 161 vaqon (0.8%) Bakı-Aktau-Bakı istiqamətində, 12390 vaqon (56.4%) isə Bakı-Kurik-Bakı istiqamətində hərəkət edib.
Hesabat dövrü ərzində Bakı Limanından istifadə edən iri həcmli nəqliyyat vasitələrinin sayı 9512 ədədə çatıb. Bunlardan 5353 ədədi (56.3%) Bakı-Türkmənbaşı-Bakı istiqaməti, 4047 ədədi (42.5%) Bakı-Aktau-Bakı istiqaməti, 112 ədədi (1.2%) isə Bakı-Kurik-Bakı istiqaməti üzrə hərəkət edib. Cari ilin birinci 6 ayında neft terminalında xam neft və neft məhsullarının aşırılması 30 faiz artaraq 280 min tona çatıb.
Xatırladaq ki, 14 may 2018-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə açılışı həyata keçirilmiş yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının 1-ci fazada yükaşırma potensialı illik 15 milyon ton, o cümlədən 100 000 TEU konteynerdir. 12 körpüdən ibarət limanın 7 körpüsü ümumi quru yük gəmilərinə, 2 körpü bərələrə, 2 körpü isə Ro-Ro və Ro-Pax tipli gəmilərə xidmət göstərir. Daha bir körpü isə Liman donanmasına xidmət edən körpü kimi istifadə olunur.
AzVision.az