Neft Fondunun gəlir və xərcləri açıqlanıb

Neft Fondunun gəlir və xərcləri açıqlanıb
  16 İyul 2018    Oxunub:3897
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2018-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin büdcə gəlirləri 9 173,7 milyon manat, büdcə xərcləri isə 4 731,6 milyon manat təşkil edib.
Azərbaycan Respublikası Dövlət Neft Fondundan AzVision.az-a verilən məlumata görə, 2018-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 665,7 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 889,5 milyon manat, bonus ödənişləri 765,2 milyon manat, tranzit gəlirləri 10,5 milyon manat, akr hesabı ödənişlər 0,5 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 508,0 milyon manata bərabər olub.

Hesabat dövrü ərzində ARDNF-nin 2018-ci il büdcəsinin icrası çərçivəsində 4608,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 84,5 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 19,1 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 7,5 milyon manat vəsait ayrılıb. 2,0 milyon manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilib. 2018-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 10,5 milyon manat təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 838,5 milyon manat olub.

2018-ci il iyulun 1-ə fondun aktivləri 2018-ci ilin əvvəlinə (35 806,5 milyon ABŞ dolları) nisbətən 6,22 faiz artaraq 38 036,1 milyon ABŞ dolları təşkil edib ki, aktivlər üzrə bu göstərici ARDNF-nin ümumi fəaliyyəti dövrü ərzində ən yüksək hədd olub. Aktivlərin artımı fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına yaranıb.

AzVision.az


Teqlər: ARDNF  





Xəbər lenti