Bağ evlərinin kirayə qiyməti 2-3 dəfə artıb

Bağ evlərinin kirayə qiyməti 2-3 dəfə artıb
  17 İyul 2018    Oxunub:5568
Xarici ölkərə getmək imkanı olmayan, qış və digər mövsümlərdə məzuniyyət imkanlarından yararlanmış, yayda məzuniyyətə çıxa bilməyən, regionlara çıxış imkanı olmayan və digər şəxslər daha çox Bakı və Abşeron yarmadası ərazisindəki kirayə bağ sahələrində dincəlməyə üstünlük verirlər.
Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı AzVision.az-a bildirib ki, yay mövsümü ilə əlaqədar bağ sahələrinə təlabat artıb. Onun sözlərinə görə, tələbin artması qiymətlərə təsir göstərib.

“Yerləşmə zonasından, ictimai nəqliyyatla təmin olunmasından, inzibati mərkəzlərə, dənizə yaxın olmasından və digər səbəblərdən kirayə bağ evlərinin qiymətləri təqribən 2-3 dəfə artır. Hazırda Bakıətrafı ərazilərdə bir aylıq kirayə qiyməti 10 min manat olan bağ sahəsinə rast gəlmək mümkündür. Qış və digər mövsümlərdə 500 manata bazara təklif olunan kirayə bağ sahələri yay mövsümündə 1500 manata təklif olunur. Bu, qısa müddətli prosesdir, avqustun sonundan artıq proses sabitləşəcək və qiymətlər əvvəlki səviyyəsinə qayıdacaq”.



R.Osmanlı bağ evlərinə kütləvi axın olmadığını, lakin tələbin qiyməti artıracaq səviyyədə olduğunu vurğulayıb: “Bütün bağ shələrinə tələb artıb. Lakin inzibati mərkəzə yaxın olan, infrastrukturu daha çox inkişaf edən yerlərdə kirayə bağ sahələri daha baha qiymətə təklif edilir”.

Ekspert hazırda kirayə mənzil bazarında qiymətlərin aşağı düşdüyünü qeyd edib. O, bunu mövsümlə və tələbələrin rayona qayıtması ilə əlaqələndirib.



“Bir ay ərzində kirayə mənzil bazarında qiymətlərin 25 faizə qədər azalması müşahidə edilir. Bu da qısa müddətlidir. 15-20 gündən sonra proses əksinə müşahidə ediləcək. Daşınmaz əmlak bazarında vəziyyət sabitdir. Bu, həm mövsüm, həm də ümumilikdə son illərdə bazarda ciddi dəyişikliyin baş verməməsi ilə əlaqədardır. Daşınmaz əmlak bazarı yay mövsümündə qeyri-dinamik proseslərlə yadda qalır".

Aytən Zəhra
AzVision.az


Teqlər: Ramin-Osmanlı   Kirayə   Mənzil  





Xəbər lenti