Mərdəkan-Qala avtomobil yolu təmir olunur - FOTOLAR

Mərdəkan-Qala avtomobil yolu təmir olunur - FOTOLAR
  17 İyul 2018    Oxunub:6035
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2018-ci il üçün tərtib edilmiş Tədbirlər Planına əsasən, 3 yaşayış məntəqəsini birləşdirən Buzovna-Mərdəkan-Qala avtomobil yolunun 5,4 kilometrlik Mərdəkan-Qala hissəsinin bərpası işləri aparılır.
Agentlikdən AzVision.az-a verilən məlumata görə, layihəyə uyğun olaraq, avtomobil yolu II texniki dərəcəyə uyğun bərpa edilir. Bunun üçün frez maşını ilə asfalt-beton örtüyü profilə salınıb, yolun deformasiyaya uğramış hissələri 50 min kubmetr həcmdə qazılaraq çıxarılıb. Hazırda isə qazılmış hissənin karbonat materialı ilə doldurularaq kipləşdirilməsi işləri aparılır.



Kommunikasiya xətlərinin keçirilməsi üçün yolun altından 350 millimetr diametrində və 190 poqonmetr uzunluğunda ehtiyat borular atılır. Torpaq yatağı hazır olan hissələrdə optimal-çınqıl qarışığı ilə 22 santimetr hündürlükdə əsasın alt layının və qum-qırmadaş qarışığı ilə 16 santimetr qalınlıqda əsasın üst layının təmiri işləri görülür. Bu işlər 87 min kvadratmetr sahəni əhatə edir. Yol əsasının hazır olan hissələri isə əlaqələndirici bitum səpilməklə asfaltlanır. İri və xırda dənəli olmaqla 12 santimetr qalınlıgında asfalt-beton örtüyünün döşənməsi işləri təqribən 60 min kvadratmetr sahəni əhatə edəcək.

Texnoloji ardıcıllığa uyğun olaraq çiyinlərin çınqılla bərkidilməsi, həmçinin vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə zəruri olan yerlərdə 2650 poqonmetr uzunluğunda səkilərin inşası və kənarlarına səki daşlarının düzülməsi, yolun 630 metrlik məsafəsində ayrıcı zolağın tikintisi və üzərinə 810 kvadratmetr sahədə tamet daşların döşənməsi işləri aparılacaq.



Yolun sağ tərəfində 520 millimetrlik qaz kəməri yerləşdiyinə görə, əyrixətli metal tirlərdən mühafizə çəpərlərin tikilməsinə ehtiyac olduğundan, bu məqsədlə yolun kənarına 2910 poqonmetr uzunluğunda əyrixətli dəmir tirlər və dirəklər quraşdırılacaq. Bundan başqa, layihə boyu hərəkət hissəsinə yaxın olan 100 millimetrlik 374 poqonmetr uzunluğunda qaz xətlərinin, 75 poqonmetr uzunluğunda isə su xətlərinin dəyişdirilməsi, bəzi hissələrdə 2100 kvadratmetr mühafizə divarlarının tikilməsi nəzərdə tutulub.



Tikinti norma və qaydalarına uyğun olaraq, aparılan işlər zamanı yolun işıqlandırma sisteminin qurulmasına və yol birləşmələrinin təmirinə ehtiyac olduğu üçün, yol boyu 154 ədəd işıq dirəkləri quraşdırılacaq, 1200 kvadratmetr sahədə yolayrıcı və yol birləşmələri təmir ediləcək. Bərpa işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün 34 ədəd yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, 15 kilometr uzunluğunda yol-cizgi və yol göstərici xətlər, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılacaq.

Əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilməklə təmir-tikinti işlərinin tərtib olunmuş cədvələ uyğun payız aylarında yekunlaşdırılması planlaşdırılır.



AzVision.az


Teqlər: Təmir   Yol  





Xəbər lenti