Azərbaycan-İtaliya iqtisadi əlaqələri müzakirə olunub

  19 İyul 2018    Oxunub : 10661
Azərbaycan-İtaliya iqtisadi əlaqələri müzakirə olunub
İqtisadiyyat naziri Şahin Mustafayev İtaliya Respublikasının iqtisadi inkişaf nazirinin müavini Mikele Ceraçi ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən AzVision.az-a verilən məlumata görə, görüşdə Şahin Mustafayev Azərbaycan və İtaliya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu və iqtisadi əməkdaşlığımızın uğurla davam etdiyini diqqətə çatdırıb, əlaqələrin inkişafında qarşılıqlı rəsmi səfərlərin əhəmiyyətini vurğulayıb. İtaliya prezidenti cənab Sergio Mattarellanın Azərbaycana səfəri çərçivəsində keçirilən Azərbaycan-İtaliya biznes forumunda dövlət başçılarının iştirakı ikitərəfli əlaqələrə verilən böyük önəmin göstəricisidir.

İqtisadiyyat naziri diqqətə çatdırıb ki, iqtisadiyyatın bir sıra sahələrində əlaqələrimiz uğurla inkişaf edir. Sumqayıt Kimya Sənaye Parkının ərazisində İtaliyanın “Maire Tecnimont” şirkəti ilə əməkdaşlıq çərçivəsidə “SOCAR Polymer” layihəsi üzrə inşa edilən polipropilen zavodu Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığının bariz nümunəsidir.

İtaliyanın ölkəmizin əsas ticarət tərəfdaşı olduğunu vurğulayan Şahin Mustafayev qeyd edib ki, İtaliya tərəfindən Azərbaycan iqtisadiyyatına 530 mln. ABŞ dollarından çox investisiya yatırılıb, Azərbaycan isə İtaliyaya 135 mln. dollar investisiya qoyub.

Ş.Mustafayev iki ölkə arasında iqtisadi sahədə əlaqələrin genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu diqqətə çatdırıb, enerji, kənd təsərrüfatı, sənaye, ticarət, investisiya, nəqliyyat, ekologiya və s. sahələrdə əməkdaşlığn inkişafı üçün geniş imkanları qeyd edib. Azərbaycan bu potensialın reallaşdırılması və ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında maraqlıdır. Ölkəmizdə fəaliyyət göstərən bir sıra müəssisələrdə İtaliya texnologiyalarından istifadə olunur. Bununla belə, kənd təsərrüfatı və sənaye sahələrində istifadə üçün İtaliyadan müasir avadanlıqlar idxal edilə bilər.

İqtisadiyyat naziri İtaliya şirkətlərini Azərbaycanda həyata keçirilən investisiya layihələrində, sənaye parklarında və məhəllələrində, aqroparklarda, logistik mərkəzlərin yaradılmasında birgə iştiraka dəvət edib. Azərbaycanın geniş nəqliyyat infrastrukturu və tranzit potensialı barədə məlumat verən Ş.Mustafayev vurğulayıb ki, İtaliya şirkətləri Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından yararlana, eləcə də Ələtdə yaradılacaq Xüsusi İqtisadi Zonada fəaliyyət göstərə bilərlər.

M.Ceraçi Azərbaycanın İtaliya üçün mühüm əhəmiyyət kəsb edən ölkə olduğunu diqqətə çatdırıb. O, ölkələrimizin iqtisadiyyatın müxtəlif sahələrində uğurla əməkdaşlığı qeyd edib və bu əlaqələrin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bildirib.

Görüşdə müzakirələr aparılıb, iqtisadiyyatın konkret sahələri üzrə əməkdaşlığın inkişafı istiqamətində təkliflərin hazırlanması barədə razılığa gəlinib.

AzVision.az

Teqlər: İtaliya