Ramin Quluzadə vətəndaşları qəbul edib

Ramin Quluzadə vətəndaşları qəbul edib
  20 İyul 2018    Oxunub:12081
İyulun 20-də nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Qax şəhərindəki Heydər Əliyev Mərkəzində şimal-qərb bölgəsindən olan vətəndaşları qəbul edib.
AzVision.az xəbər verir ki, qəbuldan əvvəl nazir Ramin Quluzadə və Qax rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi özünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Qax, Şəki, Oğuz, Qəbələ, Zaqatala və Balakən rayonlarının sakinlərinin iştirak etdiyi qəbulda vətəndaşların telekommunikasiya, internet və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgə əhalisini maraqlandıran digər məsələlərlə bağlı müraciətləri dinlənilib. Qəbulda iştirak edən vətəndaşlar, həmçinin yol təmir-tikintisi, yeni marşrut xətlərinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Müraciətlərin əksəriyyəti yerindəcə həll olunub, bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər müvafiq qurumlara ünvanlanması üçün qeydiyyata alınıb.

Regiona səfəri çərçivəsində nazir Ramin Quluzadə aidiyyəti rayonların telekommunikasiya qovşaqları, poçt filialları, eləcə də, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib. Müşavirədə sektor üzrə mövcud durum, nöqsan və çatışmazlıqlar, vətəndaş şikayətləri ilə bağlı geniş müzakirələr aparılıb, həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.

Toplantıda nazir müvafiq sahə rəhbərlərinə hər bir vətəndaş müraciətinin operativ araşdırılması və qanunvericiliyə uyğun həll edilməsi haqqında tapşırıqlar verib.

AzVision.az


Teqlər: NRYTN   Qəbul  





Xəbər lenti