Hərracda 12 dövlət əmlakına 17 sifariş verilib
Komitə tərəfindən investorlar üçün yüksək əlçatan mühitdə hərracların təşkil olunması vətəndaş rahatlığına və şəffaflığın təminatına yönəlib. Ərazi, qiymət, ümumi faydalı sahə üzrə fərqli kateqoriyalı dövlət əmlaklarının özəlləşdirməyə çıxarılması, prosedurların elektron mühitə keçməsi sərmayəçilərin bu sahəyə marağını artırır. Müasir texnoloji yeniliklərin tətbiqi ilə reallaşan hərraclarda satılan dövlət əmlakları ölkədə müxtəlif biznes sahələrini inkişaf etdirməklə bərabər, yeni sahibkarlıq obyektlərinin yaranması üçün imkanlar yaradır.
Hərracda özəlləşdirilən kiçik dövlət müəssisəsi Oğuz rayonunda yerləşən Filfili kənd klubudur. Torpaq sahəsi ilə birgə özəlləşdirilən bu dövlət əmlakının ümumi faydalı sahəsi 243,8 kvadratmetrdir. Sifarişçi 15 min manat ödəyərək bu əmlakın sahibinə çevrilib.
Bakı şəhəri üzrə özəlləşdirilən qeyri-yaşayış sahələrindən ikisi Nizami rayonunda digərləri isə Yasamal, Binəqədi və Suraxanı rayonlarındadır. Bu kateqoriyadan olan digər dövlət əmlaklarının ikisi Mingəçevirdə, biri isə Sumqayıtda yerləşir. Bakı şəhəri, Nizami rayonunda yerləşən, ümumi faydalı sahəsi 70 kvadratmetr olan əmlakdan müxtəlif sahələr üzrə xidmət obyekti kimi istifadə etmək olar. Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yerləşən ümumi faydalı sahəsi 34 kvadratmetr olan əmlak üzrə hərrac qalibi olan investor bu obyekti yaxşı gəlir mənbəyi olan xidmət sahəsinə çevirə bilər.
Ümumi faydalı sahəsi 919,7 kvadratmetr olan Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsində təsərrüfat anbarının yarımçıq tikilisinə ilkin qiymət torpaq sahəsi ilə birgə 15 min manat təyin olunub. İnvestor təyin olunan bu məbləği ödəyərək dövlət əmlakını özəlləşdirib. Hərracda sifariş verilmiş “Nissan” markalı nəqliyyat vasitəsinin buraxılış tarixi 2006-cı ildir. İştirakçı 2 min 350 manat ödəyərək Yaponiya istehsalı olan avtomobilə sahib olub.
Qeyd edək ki, ötən 6 ayda dövlət əmlaklarının özəlləşdirilməsi istiqamətində 100-dən çox hərrac keçirilib. Bu hərraclarda 500-ə yaxın dövlət əmlakı, o cümlədən torpaq sahələri və nəqliyyat vasitələri özəlləşdirilib. Vətəndaşlar komitənin rəsmi saytı olan “emdk.gov.az” və “privatization.az” portalının müvafiq bölməsinə daxil olmaqla keçirilən hərracların nəticələri ilə tanış ola bilər.
ƏMDK tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac iyulun 31-də keçiriləcək. Belə ki, iyulun son hərracına müxtəlif çeşidli 73 dövlət əmlakı çıxarılıb. Bunlardan 21-i səhmdar cəmiyyət, 31-i kiçik dövlət müəssisə və obyekti, 17-si qeyri-yaşayış sahəsi, 4-ü nəqliyyat vasitəsidir.
Komitə tərəfindən mütəmadi olaraq yenilənən Özəlləşdirmə portalında hərraca çıxarılan dövlət əmlakları haqqında ətraflı məlumat var. İnvestor hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları ilə tanış olaraq, elektron sifariş verə bilər. Həm hərrac iştirakçıları, həm də ziyarətçilər hərracın keçirildiyi məkana gəlməklə və ya onlayn formada prosesi izləyə bilərlər.
AzVision.az
Teqlər: Əmlak-Komitəsi Hərrac