Naxçıvanın büdcə gəlirləri artıb

Naxçıvanın büdcə gəlirləri artıb
  26 İyul 2018    Oxunub:13240
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində kollegiya iclası keçirilib.
AzVision.az-ın məlumatına görə, iclasda bildirilib ki, ötən 6 ayda Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin gəlirləri 35 milyon 486 min manat təyinata qarşı 38 milyon 103 min manat və ya 107,4 faiz icra olunmaqla, büdcəyə nəzərdə tutulandan 2 milyon 617 min manat çox vəsait daxil olub. 2018-ci ilin yanvar-iyun aylarında büdcə gəlirlərinin 84,3 faizi və ya 32 milyon 130 min manatı Vergilər Nazirliyi tərəfindən təmin edilmiş vergi və rüsumlardan, 10 faizi və ya 3 milyon 806 min manatı Dövlət Gömrük Komitəsi tərəfindən toplanılmış daxilolmalardan, 4,9 faizi və ya 1 milyon 868 min manatı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən, 0,8 faizi və ya 298 min 367 manatı isə digər mənbələr hesabına daxil olub.

Diqqətə çatdırılıb ki, bu ilin birinci yarımilində Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri 244 milyon 33 min 517 manat təyinata qarşı 215 milyon 368 min 550 manat və ya 88,3 faiz icra olunub. Büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər qanunvericiliyə uyğun olaraq tam və vaxtında maliyyələşdirilib.

2018-ci ilin yanvar-iyun aylarında büdcə xərclərinin 71,3 faizi və ya 153 milyon 542 min manatı cari xərclərə, 28,7 faizi və ya 61 milyon 826 min manatı isə əsaslı xərclərə yönəldilib. Əsaslı vəsait qoyuluşu xərclərinin böyük hissəsi muxtar respublikada quruculuq işlərinin aparılmasına, təhsil və səhiyyə müəssisələrinin tikintisinə, eyni zamanda infrastrukturun yenilənməsi layihələrinin maliyyələşdirilməsinə yönəldilib. Hesabat dövründə dövlət büdcəsinin icrası zamanı büdcədən maliyyələşən və ya maliyyə yardımı alan təşkilatlar tərəfindən satın alınan bütün malmaterial və avadanlıqların real dəyəri ilə satın alınmasına nəzarət davam etdirilib, bununla büdcə vəsaitlərinə əhəmiyyətli dərəcədə qənaət olunub.

Qeyd olunub ki, ötən altı ayda muxtar respublikanın Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarına əsasən nazirliyin tabeliyində 2 yeni qurum – Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi və nazirliyin Dövlət Maliyyə Nəzarəti İdarəsi yaradılıb, Ali Məclis Sədrinin Fərmanına əsasən isə muxtar respublikanın Maliyyə Nazirliyinin Əsasnaməsində və strukturunda dəyişikliklər edilib. Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti İdarəsinin yaradılması işlərə təkan verməklə təşkilatlarda aparılan maliyyə intizamının yoxlanılması üzrə nəzarət tədbirləri müəyyənləşdirilmiş qrafik əsasında sürətlə həyata keçirilir, qanunsuz xərclər dövlət büdcəsinə bərpa olunur.

AzVision.az


Teqlər: Maliyyə   Naxçıvan  





Xəbər lenti