7 ayda "Azərişıq”a 101 min müraciət edilib

7 ayda "Azərişıq”a 101 min müraciət edilib
  07 Avqust 2018    Oxunub:6477
Bu ilin yanvar-iyul aylarında “Azərişıq” ASC-yə “ASAN xidmət” vasitəsilə göstərdiyi 13 xidmət üzrə 101 min müraciət edilib.
AzVision.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında “Azərişığ”ın Perspektiv inkişaf və “ASAN xidmət”lə iş idarəsinin rəisi Elsevər Rüstəmli bildirib.

O deyib ki, təmsil etdiyi qurumun “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri vasitəsilə abunəçilərə göstərdiyi xidmətlərdə yeniliklər edilib: "Bir neçə gün bundan əvvəl Nazirlər Kabineti əhali abunəçilərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı 327 nömrəli qərar verib. Həmin qərara əsasən evinə, bağına və ya həyətinə 20 kVt-a qədər mövcud 0,4 kV-luq şəbəkədən, 1 fazalı xətlə elektrik enerjisi çəkdirmək istəyən abunəçilər üçün qoşulma haqqının vahid məbləği müəyyən edilib. Əvvəlki qayda ilə müqayisə etdikdə birmənalı şəkildə demək olar ki, məişət abunəçilərinin elektrik şəbəkəsinə qoşulması üçün tariflər azaldılıb".

E.Rüstəmlinin sözlərinə görə, paralel olaraq "Azərişığ"ın ötən ayın sonunda tətbiq etdiyi başqa bir yeniliyə görə artıq istehlakçıların enerji təchizatı sxeminin dəyişdirilməsi - birfazalıdan üçfazalıya vəya əksinə, abunəçilərə yeni kodların verilməsi, sahibkarlıq obyektlərində istənilən səbəbdən sayğac əvəzlənməsi yalnız və yalnız “ASAN Xidmət” və yaxud “ASAN Kommual” mərkəzləri vasitəsi ilə həyata keçirilir.

O, həmçinin bildirib ki, ümumilikdə 2018-ci ilin arxada qalmış 7 ayı ərzində “Azərişığ”ın “ASAN” brendi vasitəsiilə göstərdiyi xidmətlərin sayı 10-dan 13-ə qaldırılıb: "Mart ayında “Məcburi köçkün qrupuna aid abunəçilərdən müraciətlərin qəbulu”, may ayında isə“ yük hesabatının hazırlanması” və “istehlakçının balansında olan elektrik şəbəkələrinə, onların avadanlığına texniki xidmətin göstərilməsi” adlı yeni xidmətlər yaradılıb. Həmin xidmətlərin hər biri ayrı-ayrılıqda xüsusi əhəmiyyət daşıyı". Ələxsus sıralamada 13-cü olan “istehlakçının balansında olan elektrik şəbəkələrinə, onların avadanlıqlarına texniki xidmətin göstərilməsi” xidməti istehlakçılar üçün çoxdan gözlənilən xidmət hesab olunur. Çünki "Azərişığ"ın balansında olmayan istehlakçıların balansında olan elektrik avadanlıqlarının istismarı zamanı, qəzalar, zədələnmələr, yanğınların qarşısının alınması və ya ortaya çıxan problemlərin aradan qaldırılması üçün bu xidmət olduqca vacib xidmətdir.

“Azərişığ”ın “ASAN xidmət” vasitəsi ilə göstəridi 13 xidmət arasında heç şübhəsiz əhali və qeyri əhali üçün texniki şərtlərin verilməsi, daha dəqiqi abonentlərin enerji təchizatı şəbəkəsinə qoşulması xidmətləri də xüsusi önəm daşıyır. Bu səbəbdəndir ki, Azərişığ”ın elektron xəritəsinin imkanlarından istifadə olunmaqla “ASAN xidmət” mərkəzlərində əraziyə getmədən, dərhal yerindəcə məkanın coğrafi mövqelərinin müəyyən edilməsi, ölçülmələrin aparılması və iş planı layihələndirilərək sənədləşmənin aparılması təmin edilib. Həmçinin “Azərişığ"ın internet səhifəsində "Elektrik şəbəkəsinə necə qoşulaq" adlı xüsusi bölmə yaradılıb, və texniki şərtlərin verilməsinin yenilənmiş yeni qaydaları əks olunub. Ələxsus sosial şəbəkələrlə iş intensivləşdirilib “Azerishiq ASC” adlı “facebook”, “azerishiq.az” adlı “instagram” səhifələrində bütün yeniliklər, tariflər özünə yer alıb, şikayət və təkliflər bu dəqiqə də qəbul edilməkdədir. ASC-nin Əvvəllər elektrik şəbəkəsinə qoşulma ilə bağlı sahibkarların müraciəti paytaxtdakı “ASAN kommunal” mərkəzlərində qəbul olunurdusa, ilin əvvəlindən etibarən ölkənin bütün regionlarında fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində sahibkarların müraciətləri qəbul edilir. Sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması prosedurları 7-dən 3-ə salınıb, şəbəkəyə qoşulma müddəti isə 69 gündən 24 günə endirilib.

Aparılan islahatlar və yeniliklərdən sonra 2018-ci ilin 7 ayı ərzində “Azərişığ”a “ASAN xidmət” vasitəsi ilə 11500-ə qədər evinə, bağına yaxud həyətinə işıq çəkdirmək istəyən vətəndaş, 1 700-ə qədər obyektini elektrik şəbəkəsinə qoşdurmaq istəyən sahibkar müraciət edib. Sənətlərdə uyğunsuzluq və bu kimi obyektiv səbəblər istisna olmaqla müraciətlərin böyük əksəriyyəti icra olunub.

AzVision.az


Teqlər: Azərişıq   ASAN-xidmət  





Xəbər lenti