“Con Bolton Bakıda Qarabağı müzakirə edəcək” - Səfərdən gözləntilər

  23 Oktyabr 2018    Oxunub : 668
“Con Bolton Bakıda Qarabağı müzakirə edəcək” - Səfərdən gözləntilər
“ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə aparılacaq”

Bunu AzVision.az-a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib.


Onun sözlərinə görə, ABŞ rəsmiləri tərəfindən son bir neçə ayda münaqişənin həllində irəliləyişlərin olacağı dəfələrlə vurğulanıb: “Əvvəlcə ABŞ prezidenti Donald Trampın Ermənistanın baş naziri Nikol Paşinyana məktubunda bu fikir ifadə edildi. Sonra müxtəlif qəzetlərdə Dağlıq Qarabağ probleminin həllində irəliləyiş olacağı qeyd edildi. ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz də bunun müəyyən siqnallarını verdi. O, Dağlıq Qarabağın hüdudlarından kənardakı 7 rayon azad olunmadan münaqişə ilə bağlı danışıqlarda uğur əldə olunmayacaq kimi çox gözəl bir ifadə işlətdi. Bu baxımdan Boltonun səfərindən gözləntilər böyükdür.

Ümumən Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın ərazi bütövlüyü məsələsində hələ də birmənalı mövqe sərgilənmir. Sadəcə ABŞ 7 rayon məsələsində digərlərindən daha qətiyyətli mövqe nümayiş etdirir. Çünki ABŞ tərəfi işğaldakı torpaqlarımızdan erməni qoşunlarının çıxarılmasını dəfələrlə təkrar edib. Bolton Azərbaycana həmsədr ölkənin nümayəndəsi kimi gəlir. Həmsədr ölkələrin həlletmə mexanizmində Dağlıq Qarabağın statusu gündəmdə olan əsas məsələdir. Nə qədər qəribə olsa da, post-Sovet məkanındakı bütün münaqişələrin ərazi bütövlüyü çərçivəsində həll edilməsini söyləyən BMT, NATO, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmayanlar Hərəkatı və.s beynəlxalq təşkilatlar, bəzi dövlətlərin, xüsusən ATƏT-in Minsk qrupu həmsədrlərinin mövqeyində ərazi bütövlüyü ilə öz müqəddəratını təyin etmə hüququn sintezləşdirilməsi məsələsi qalmaqdadır. Amma beynəlxalq aləmdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyənlər çoxdur. ABŞ-ın mövqeyində də bu məsələyə doğru tərpəniş, dönüş hiss edilməkdədir”.



Politoloq qeyd edib ki, Con Bolton bölgəyə ABŞ-ın geostrateji maraqlarını müqayisə etmək üçün gəlir: “ABŞ-ın qarşısında duran əsas məsələ İran və ona qarşı hərəkətlərdir. Ona görə Bolton Cənubi Qafqazda və Moskvadakı danışıqlarda bu məsələdə müəyyən bir işıq yolu axtarır. Turne çərçivəsində Boltonun Azərbaycana gəlişini əhəmiyətli hadisə hesab edirəm. Çünki onlar Azərbaycanın geostrateji mövqeyini yüksək qiymətləndirirlər. Xüsusilə həm Mərkəzi Asiyaya, həm Əfqanıstandakı NATO qoşunlarının təchizatını təmin etmək baxımından Azərbaycanın böyük strateji üstünlüklərə malik olduğunu başa düşürlər. Zənn edirəm ki, bu məsələlər Azərbaycanın qalib gəlməsində mühüm rol oynayacaq”.

Xatırladaq ki, hazırda Rusiyada olan Con Bolton sabah Azərbaycana, daha sonra isə Ermənistan və Gürcüstana səfər edəcək.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: Qarabağ   Bolton   Səfər