“Putinin əlində Paşinyanla bağlı konkret faktlar var” - Politoloq

  12 Noyabr 2018    Oxunub : 1355
“Putinin əlində Paşinyanla bağlı konkret faktlar var” - Politoloq
“Ermənistanın post-sovet məkanında məğlubiyyətə düçar olması Azərbaycan üçün əhəmiyyətlidir. Çünki beynəlxalq aləmdə Ermənistana təzyiq edilmir. Amma Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Ermənistana təzyiq rıçaqları çox güclüdür”.
Bunu AzVision.az-a açıqlamasında politoloq Sahil İskəndərov deyib. O, qeyd edib ki, Ermənistan KTMT-dəki məğlubiyyətin acısını hələ çox çəkəcək:

“KTMT-nin Astana sammitində Ermənistanın, ilk növbədə Nikol Paşinyanın öz istəyinə nail olmamasının bir neçə məqamı var. KTMT-də əsas söz sahibi Rusiyadır. Amma, lap əvvəldən həm Qazaxıstan, həm də Belarusun özlərinin xüsusi yanaşmaları var. Belə deyərdim ki, KTMT-nin daxilində Rusiyanın hegemonluğuna qarşı yeri gələndə müxalif mövqeyini qoyan dövlətlər Qazaxıstan və Belarusdur. Bu mənada Ermənistanın KTMT-ni özünün arzuları müstəvisinə çevirməyə çalışması, Rusiyanın Ermənistana ərköyün balası kimi baxması heç vaxt onların xoşuna gəlməyib. Ümumən rusiyalı general Nikolay Bordyujadan sonra Yuri Xaçaturovun bu posta əyləşdirilməsi bu iki dövlət tərəfindən birmənalı qarşılanmırdı. Çünki Rusiya faktiki olaraq baş katib postuna öz adamını oturdurdu”.

S.İskəndərov bildirib ki, artıq KTMT-də Ermənistanın şıltaqlığı ilə oynamq istəmirlər: “Paşinyan deyirdi ki, bu postda erməni, özü də onun dediyi şəxs oturmaldıır. Bu da o mənaya gəlir ki, sabah Ermənistanda başqa biri hakimiyyətə gələsə, deyəcək ki, bu posta başqa erməni oturmalıdır. Bunu nə Qazaxıstan, nə də Belarus prezidentləri həzm edə bilərdilər. Onlar Ermənistanın şıltaqlığı ilə məşğul olmaq istəmirlər. Belə bir mənzərənin ortaya çıxması məhz bu anlama gəlir ki, şans verilmişdi, dəyərləndirərdiniz”.

Politoloq əlavə edib ki, baş verənlər Rusiyanın da maraqlarını təmin edir: “Əgər Moskva istəsəydi, Belarus və Qazaxıstanla dil tapa bilərdi. Amma Rusiya bunu istəmədi. Çünki bununla Putin Paşinyanı cəzalandırmaq istəyir. Yəni Putində konkret faktlar var ki, Paşinyanın oyunbazlığının arxasında Qərb durur və bunları məhz onların istəyi ilə etdiyindən əmindir. Başqa bir məqama diqqət edək. KTMT Rusiyanın NATO-sudur. Putin necə razılaşa bilər ki, bu hərbi təşkilatın başında Paşinyanın adamı olsun? Bu azmış kimi Paşinyan Qərbin layihəsi kimi Ermənistanın rəhbərliyində oturdulub. Bunun özü Rusiya üçün böyük baş ağrısına çevrilə bilər. Bu da yolverilməzdir ki, KTMT-nin baş katibi postunda Paşinyanın, əslində isə Qərbin adamı otursun. Nəticə budur, baş verənlər Ermənistanın məğlubiyyədir”.

S.İskəndərovun sözlərinə görə, bu məğlubiyyətlə Ermənistana möhkəm qulaqburması verilib ki, ağıllı olsunlar: “Paşinyanın tullanıb-düşməsinə baxmayaraq, Qazaxıstan və Belarus Ermənistana qulaqburması verdilər. Rusiyanın Ermənistan tərəfini müdafiə etməməsi də ikinci qulaqburması idi. Çünki Rusiyada Ermənistanın şıltaqlığından təngə gəlib. Onsuz Ermənistanın bu qurumda elə bir nüfuzu yox idi. Buyruq qulu idi. İndi isə Paşinyanın kor-koranə adımları Ermənistanın nüfuzunu “plintus”dan da aşağı səviyyəyə endirdi”.

Politoloq, həmçinin deyib ki, bu məsələdə Moskva güclü oyun oynayır: “Rusiya Ermənistanı belə aşağılaya-aşağılaya, diktə altında məcbur edəcək ki, Azərbaycan təşkilatda müşahidəçi statusu alsın. Düşünürəm ki, bu məsələ də tezliklə həllini tapacaq. Çünki bundan sonra Ermənistanın mövqeyi qulaqardına vurulacaq”.

"Baş verənlərdən sonra Ermənistan təşkilatdan uzaqlaşa bilərmi" sualına politoloq belə cavab verib: “Bəzən deyilir ki, Ermənistan bu məqamdan istifadə edib təşkilatdan uzqlaşacaq. Yəni bunu oradan uzaqlaşmaq üçün edir. Amma bunun baş verəcəyini düşünmürəm. Birinci buna Ermənistanın cürəti çatmaz. İkinci Rusiya imkan verməz. Rusiya bundan sonra da Ermənistanı qapısında zəncirli it kimi saxlayacaq. Nəticə belə olacaq ki, Ermənistan əvvəlkitək blokun aparıcı siyasi fiqurlarının tələbinə əməl edəcək. Çünki başqa çıxış yolu yoxdur”.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: Ermənistan   Paşinyan   KTMT