15 ildə 15 min kilometr uzunluğunda yol çəkilib

15 ildə 15 min kilometr uzunluğunda yol çəkilib
  24 Noyabr 2018    Oxunub:1787
Son 15 ildə ölkə üzrə 15 min kilometr uzunluğunda yol çəkilib. Təkcə bu ilin 9 ayında 30-a yaxın rayonda və paytaxtda təqribən 1 milyon əhalinin yaşadığı 500-dən çox yaşayış məntəqəsini əhatə edən layihələr üzrə tikinti və yenidənqurma işləri başa çatdırılıb.
Azvision.az xəbər verir ki, bunu "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Sədr bildirilib ki, magistral yolların beynəlxalq standartlara uyğun yenidən qurulması, avtomobil yollarının istismarı, tikintisi və təmiri, eyni zamanda, yolların qorunması, təhlükəsizliyi və ətrafının yaşıllaşdırılması istiqamətində ciddi dönüş yaranıb.

"Qəbul olunan proqramlar çərçivəsində Bakıda, habelə digər şəhər və rayonlarda yeni avtomobil yollarının salınması, nəqliyyat qovşaqlarının və körpülərin tikintisi geniş vüsət alıb. Azərbaycanın nəqliyyat potensialı daha da gücləndirilib. Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən respublikanın ümumi istifadədə olan 17500 kilometr uzunluğunda avtomobil yollarına və paytaxtın 1600 kilometr uzunluğundakı küçə və prospektlərinə, eləcə də bu yollar üzərində yerləşən 1400-dən yuxarı yol ötürücüsü, körpü və tunellərə xidmət göstərilir".

Onun sözlərinə görə, ölkəmizin yol təsərrüfatının inkişafında mühüm nəticələr qazanılıb: "Bunu beynəlxalq reytinq agentliklərinin hesabatları da təsdiqləyir. Belə ki, Dünya İqtisadi Forumunun reytinqlərində öz yerini hər zaman möhkəmləndirən Azərbaycan 2018-ci ildə MDB məkanında ən yaxşı yolları olan ölkə seçilib. Dünya İqtisadi Forumunun apardığı tədqiqata görə, Azərbaycan yol infrastrukturunun keyfiyyəti reytinqində dünyanın 140 ölkəsi arasında 34-cü yerdə qərarlaşıb".

Azvision.az


Teqlər: Saleh-Məmmədov   AAYDA   Sədr  





Xəbər lenti