Nazarbayev azərbaycanlıları mükafatlandırdı

  Nazarbayev azərbaycanlıları mükafatlandırdı
  15 Dekabr 2018    Oxunub:3923
Dekabrın 16-sı Qazaxıstanın müstəqilliyinin 27-ci ildönümü günüdür. Bu bayram münasibətilə ölkənin sosial, iqtisadi və mədəni inkişafına, xalqlar arasında dostluq və əməkdaşlığın güclənməsinə böyük töhfə verilməsində göstərdikləri xidmətlərə görə müxtəlif sahələrdə çalışanlar mükafatlandırılıb.
Azvision.az AzərTAC-a istinadən xəbər verir ki, Nursultan Nazarbayevin Sərəncamı ilə mükafatlandırılanlar arasında altı azərbaycanlı da var. Onlar ölkənin inkişafında göstərdikləri xidmətlərə görə müxtəlif orden və medallarla təltif ediliblər. Onların arasında Qazaxıstan Azərbaycanlıları İttifaqının rəhbəri Əbülfəz Xamedov ən yüksək mükafata - II dərəcəli dostluq ordeninə layiq görülüb. Bu, son beş ildə Qazaxıstanda yaşayan azsaylı xalqların nümayəndəsinə verilən ən yüksək mükafatdır.

Qazaxıstanın iqtisadi nailiyyətlərində xidmətlərinə görə Allahverdi Mamedov, Bəxtiyar Mirzəyev, Faiq Mahmudov, Faiq Bayramov və Allahqulu Cəfərov da medal və mükafatlarla təltif olunublar.

Qeyd edək ki, Qazaxıstanda 200 mindən çox azərbaycanlı yaşayır. Prezident Nursultan Nazarbayev hər zaman Azərbaycan icmasına xüsusi diqqətlə yanaşır. Dövlətlərimizin başçılarının səyləri nəticəsində ölkələrimizi həmişə səmimi dostluq, qardaşlıq və əməkdaşlıq münasibətləri birləşdirib.

Qarşılıqlı münasibətlərin hazırkı vəziyyətini və perspektivlərini qiymətləndirərək inamla demək olar ki, dövlətlərimiz arasında əlaqələr daha da genişlənəcək və möhkəmlənəcək.
Qazaxıstan Xalqlar Assambleyasında Nursultan Nazarbayevin köməkçisinin də məhz azərbaycanlı olması Qazaxıstan cəmiyyətində azərbaycanlıların mövqeyinin daha da möhkəmlənməsindən xəbər verir.

Qazaxıstanda elm, təhsil, səhiyyə, mədəniyyət və iqtisadiyyat sahələrində çalışanlar, ö cümlədən yüksəkvəzifəli məmurlar arasında həmyerlilərimiz də var.

Azvision.az


Teqlər:





Xəbər lenti