Əkrəm Əylisli: “Erməniləri özümə düşmən saymıram”

Əkrəm Əylisli: “Erməniləri özümə düşmən saymıram”
  14 Noyabr 2013    Oxunub:1609
Yazıçı Əkrəm Əylisli Rusiyanın “Rus reportyoru” (“Русский репортер”) jurnalına verdiyi müsahibəsindəki bəzi fikirlərini virtualaz.org saytına şərh edərkən daha heyrətamiz açıqlamalar verib.
Ə.Əylisli deyib ki, bu müsahibəsinə görə hakimiyyət tərfindən təzyiqlərə məruz qalacağından qorxub çəkinmir. Yazıçı deyib ki, həm bu müsahibədə dediyi, həm də əvvəllər qələmə aldığı “Daş yuxular” romanında yazdığı fikirlərinin üstündə qalır.

“Şəxsən mən erməniləri özümə düşmən saymıram. Dəfələrlə demişəm və yazmışam ki, hazırda yaranmış vəziyyət məni çox narahat edir. Mən həmişə Azərbaycan və erməni xalqları arasında sülh yaranmasının tərəfdarı kimi çıxış etmişəm. Mənə mümkün təzyiqlərə gəlincə isə bundan nə ehtiyat etmirəm, nə də qorxmuram. Hakmiyyət məni onsuz da “Xalq yazıçısı” fəxri adından məhrum edib, ailəmə təzyiq göstərib. Daha qorxub çəkinəcəyim heç nə qalmayıb. Mən artıq öz dövrümü yaşamışam. İndi mənim üçün ən vacib məsələ bu iki xalq arasında sülhün bərqərar olmasıdır” - deyə Ə.Əylisli bildirdi.

Maraqlıdır, Ə.Əylisli öz müsahibəsində belə bir cümlə işlədibmi ki, “biz ermənilərlə torpaq uğrunda müharibə edirik, bu torpaqlar isə heç kimə lazım deyil”?

“Doğrudan da hazırkı vəziyyətdə torpağa münasibət fərqli məna kəsb edir. Buna görə demişəm ki, xalqlar arasındakı gərginlik və nifaq bu torpağın kimə məxsus olması məsələsindən asılı deyil, problemin kökünü daha dərinlərdə axtarmaq lazımdır. Və mən indi də belə hesab edirəm ki, əgər siyasətçilər azərbaycanlılarla ermənilərə mane olmasalar, onlar yenidən bir yerdə və sülh şəraitində, dinc yanaşı yaşayacaqlar”.

Ə.Əylisli daha sonra növbəti heyrətamiz açıqlamasını verdi. Dedi ki, o, özünü vətənpərvər insan saymır: “Bəli, mən Azərbaycan patriotu deyiləm. Siz indiyə qədər haradasa eşitmisinizmi ki, yazıçı patriot olsun, vətənpərvər olsun? Yazıçı ağlının və ürəyinin ona diqtə elədiklərini yazmalıdır, onun işi budur. Millətçilik və vətənpərvərlik yaradıcı insana xas olan keyfiyyətlər deyil, ola bilməz. Yeri gəlmişkən, siz bilirsinizmi ki, Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalındakı məqalələrinin birində ermənilər haqda nə yazıb? Cəlil Məmmədquluzadə 1909-cu ildə yazırdı ki, ermənilərin Əylis kəndində olarkən orada insanların üzündə sevinc hissləri görüb, küçələrin tərtəmiz olduğunu, insanların mədəniyyətini görüb, Azərbaycan kəndlərinə qayıdanda isə hər yerdə yalnız ağlaşma və əzab-əziyyət görüb. Bəs onda nəyə görə heç kəs Cəlil Məmmədquluzadəni vətənpərvər olmamaqda ittiham etmir, onun heykəlini dağıtmır, kitablarını yandırmır? Çünki Cəlil Məmmədquluzadə dahi yazıçı idi. Gördüklərini və düşündüklərini yazırdı”.

Ə.Əylisli “siz də türk yazıçısı Orxan Pamuk kimi Nobel mükafatı almaq istəyirsinizmi” sualına belə cavab verdi:

“Bütün bunlar bazar söhbətləridir. Orxan Pamuk böyük yazıçıdır. O, Nobel mükafatını “erməni soyqırımı”nı tanıdığına görə yox, Türkiyədəki mürəkkəb millətlərarası və ictimai-siyasi münasibətləri qələmə aldığına, onları təsvir etdiyinə görə alıb. Mən öz əsər və kitablarımı hansısa mükafat və ya fəxri ad üçün yox, öz azərbaycanlı oxucularım üçün yazıram. Bu da mənim mövqeyimdir. Bununla kimsə razılaşa bilər, kimsə yox. Mən heç kimi kitablarımı oxumağa məcbur etmirəm. Və mən bu mövzuda mənə bazar söhbətləri səviyyəsində hücum edən adamlar istisna olmaqla hər kəslə mədəni polemikaya girməyə hazıram”.

* * *
«Əgər indi referendum keçirilsə, xalqın böyük hissəsi ermənilərlə münasibətlərin düzəlməyinə səs verər. Yəni əgər ideologiya belə olsa ki, münasibətləri yaxşılaşdırmaq lazımdır, onda həmin günün axşamı xalq artıq əvvəlki dövrlərdən fərqli düşünməyə başlayacaq. Xalq elə əvvəlki xalqdır. Amma problem bilirsiniz nədədir? Ermənistan prezidenti, ya da bizimki güzəştə getsələr, dərhal hakimiyyəti itirəcəklər”.

Qalmaqallı “Daş yuxular” romanının müəllifi, yazıçı Əkrəm Əylisli bunu “Risskiy reportyor” saytının müxbiri Şura Burtinə Bakıda müsahibə verərkən deyib.

Ə.Əylisli bildirib ki, onun romanı qətiyyən Azərbaycan xalqını təhqir etmir: “Onlar istəyirlər ki, əgər erməni haqqında iki xoş söz deyirəmsə, üçünü də azərbaycanlı haqda deyim. Mənim işim-gücüm yoxdu ki, rəy balansı saxlayım?! Mənim işim insanı təsvir etmək, duyğularını ifadə etməkdir. Bu, daxilən kövrək bir adamdır, bu həyatın dəlilik həddinə çatdırdığı bir insandır. Bir tərəfdən də öz kəndində ona danışılanlara görə ətrafında baş verənlərdən dəhşətə gəlir. Onun faciəsi ondadır ki, hamı onun düşüncələrinə, gələcəyə baxışına qarşıdır. Qardaşlar, gəlin etiraf edək ki, alçaq işlər tutmuşuq. Yalnız bundan sonra nəsə yaxşı bir şey alınacağına ümid etmək olar. Ağızlarına nə gəldi deyirdilər, gəlin, Əkrəmin qanını yoxlayaq. Halbuki bilirlər ki, mən təmiz türkəm. Deyirdilər ki, “Nobel” almaq istəyirəm. Mən bəyəm bazara mal çıxarmışdım? Ən pisi isə odur ki, xalqın adından danışırdılar. Hansısa kabinet siçovulu mənə xalqın nə düşündüyünü öyrədir”.
Yazıçı hesab edir ki, onun romanından sonra ermənilər azərbaycanlılara daha yaxşı münasibət bəsləyirlər: “Əlbəttə, onlar arasında avantüristlər də var ki, istəyərlər, məni burda öldürsünlər, onlar da bundan vəhşi xalq obrazı yaratmaq üçün istifadə etsinlər. Amma ziyalılar, xeyli sayda sadə adamın münasibəti yumşalıb, onlar qəzəb hissindən azad olublar, sanki nəfəs dəriblər. Hərçənd mən bu əsəri ermənilər üçün yox, azərbaycanlılar üçün yazmışam”.


Teqlər:





Xəbər lenti