Övladlığagötürmə ilə bağlı yeni qaydalar hazırlanır

  Övladlığagötürmə ilə bağlı yeni qaydalar hazırlanır
  18 Mart 2019    Oxunub:2149
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 dekabr 2018-ci il tarixli 393 nömrəli Fərmanına əsasən, övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki işçi qrupu tərəfindən müvafiq işlər davam etdirilir.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, görülən işlər çərçivəsində “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi Qaydaları”nın layihəsi hazırlanır.

Layihədə valideyn himayəsindən məhrum olmuş uşaqların ailə tərbiyəsinə (övladlığa, qəyyumluğa, himayəyə və ya himayədar və ya qrup ailəyə) verilməsi, bu imkanlar olmadıqda isə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş təhsil, tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi müəssisələrində və digər analoji müəssisələrdə yerləşdirilməsi məqsədi ilə vahid elektron uçotun aparılması qaydaları əksini tapır.

Müvafiq kateqoriyaya aid uşaqların övladlığa götürülməsi, övladlığa götürülmüş uşaqların saxlanması, tərbiyəsi və təhsili şəraitinə vahid nəzarət həyata keçiriləcək. Ona görə də layihədə bu sahədə nəzarət həyata keçirilməsi, eyni zamanda, uşaqları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun aparılması, valideynləri tərəfindən tərk edilmiş, lakin övladlığa götürülməsinə yol verilməyən uşaqların himayədar və ya qrup ailələrdə yerləşdirilməsi ilə bağlı qaydalara da geniş yer verilir.

Layihənin hazırlanmasında övladlığa götürülmüş uşaqların iradə və mənafelərinin üstün tutulması, onların yeni ailələrdə layiqli yaşayış tərzinə malik olmaları, bu istiqamətdə nəzarətin gücləndirilməsi, həmçinin övladlığagötürmə prosesində şəffaflığın və sadə prosedurun təmin edilməsi əsas prinsiplər kimi diqqətdə saxlanılır.

Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti