Cavid Qurbanov ilk dəfə qatar qalmaqalına münasibət bildirdi - EKSKLÜZİV

  Cavid Qurbanov ilk dəfə qatar qalmaqalına münasibət bildirdi -    EKSKLÜZİV
  18 Mart 2019    Oxunub:15810
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov SIA Albuve şirkətindən yeni alınan 5 elektrik qatarından birinin verilməməsi, hazırda davam edən məhkəmə prosesi ilə bağlı mətbuatda yayılan məlumatlara ilk dəfə münasibət bildirib.
C.Qurbanov Azvision.az -a eksklüziv açıqlamasında deyib ki, şirkət tərəfindən elektrik qatarı ölkəyə göndərilmədiyi üçün ödəniş edilmir.

“Latviyanın keçmiş zavodundan elektrik qatarı almaq barədə müqavilə bağlamışıq. Onlar bizə elektrik qatarını göndərməlidir ki, biz də pulunu verək. Dörd elektrik qatarının pulunu vermişik. Azərbaycanın qanuna əsasən ölkəyə mal gələndə valyuta çıxa bilər. Onlar bizə nə zaman elektrik qatarını göndərəcəklər, biz də onda onlara ödəniş edəcəyik”.

C.Qurbanovun sözlərinə görə, həmin şirkətin bankla bağlı problemi var.



Qeyd edək ki, mətbuatda yayılan məlumata əsasən, Latviyanın "ALBUVE” ASC şirkəti "Azərbaycan Dəmir Yolları” QSC-ni müqavilənin şərtlərini yerinə yetirmədiyini əsas göstərərək həm Bakıda, həm də Latviyada məhkəməyə verib.

Şirkət bütün elektrik qatarlarını təqdim etməsinə, bununla bağlı iki tərəfin təmsilçiləri arasında elektrik qatarlarının təhvil-təsliminə dair Akt tərtib edilməsinə baxmayaraq, "Azərbaycan Dəmir Yolları” QSC-nin müqavilədə nəzərdə tutulan vəsaiti tam ödəmədiyini, 522 000 avro borclu qaldığını iddia edir. Buna görə də məhkəmədə "Azərbaycan Dəmir Yolları” QSC-nin hesabından 522 000 avro tutularaq "ALBUVE” ASC-yə ödənilməsi barədə iddia qaldırıb. İddiada, həmçinin bu vəsait ödənilənə qədər "Azərbaycan Dəmir Yolları” QSC- nin 522 000 avro dəyərində əmlakına həbs qoyulması tələbi əksini tapıb.



"Azərbaycan Dəmir Yolları” QSC isə borclu qaldığı 522 000 avro vəsaiti ödəməməsinin səbəbi kimi "ALBUVE” ASC-nin elektrik qatarlarından birini təhvil verməməsini göstərib.

Xatırladaq ki, "Azərbaycan Dəmir Yolları” QSC ilə Latviyanın "ALBUVE” ASC şirkəti arasında 02.03.2015- ci il tarixdə 5 ədəd elektrik qatarının alınması barədə müqavilə imzalanıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Cavid-Qurbanov   Qatar  





Xəbər lenti