Binədə daha 2 küçə təmir edilib

Binədə daha 2 küçə təmir edilib
  18 Mart 2019    Oxunub:2093
Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə problemlər yaranan Bakı şəhərinin qəsəbədaxili yollarında təmir-tikinti işlərinin aparılması ilə əlaqədar olaraq dövlət başçısının tapşırıq və sərəncamları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xəzər rayonu Binə qəsəbəsi ərazisində kompleks tədbirlər həyata keçirilir.
Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, cari ilin əvvəlindən Binə qəsəbəsində start verilən təmir-tikinti işləri çərçivəsində artıq ümumi uzunluğu təqribən 3 km olan 2 küçənin 16 min kv.m-dən çox sahəsində təmir-bərpa işləri aparılaraq yekunlaşdırılıb. Bu hər birinin uzunluğu 1.5 km, eni isə 5.5 metr olan Sabir və Nəsimi küçələridir. Küçələr boyu zəruri yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib və bunun ardınca asfaltlanma işləri aparılıb.

Hazırda isə təmir-tikinti işləri 2 yşayış massivinin yollarında və 2 küçədə davam etdirilir. İşlərin aparıldığı ərazinin uzunluğu 17.5 km, sahəsi isə 120 min kv.m-dir. İşlər əsasən ümumi istifadədə olan, müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların istifadə etdiyi, əsas sosial obyektlərin yerləşdiyi və uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan,həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.

Bu ümumi uzunluğu 10.5 km olan və Mərdəkan şosesindən ayrılan Badam bağları yaşayış massivinə gedən yolda, həmçinin bu yola paralel olan qəsəbədaxili 1 küçədə, uzunluğu 4.5 km Binə Südçülük sovxozu yaşayış massivinin yollarında, bundan başqa uzunluğu 2.5 km olan Hövsan südçülük yaşayış massivinin "161 nömrəli" küçəsində aparılır.

Hazırda "161 nömrəli" küçəs boyu asfaltlanma işləri aparılmaqla yeni yol infrastrukturu yaradılır. Bu küçədə təmir-tikinti işləri çərçivəsində zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçə profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib. Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin Novruz bayramına qədər yekunlaşdılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Ümumilikdə Binə qəsəbəsi üzrə təmir-bərpa işlərinin aparıldığı küçə və yollar vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxaracaq. Qeyd edək ki, təmir-tikinti işləri ilkin mərhələdə sözügedən ərazilərdə aparılır. İşlərin yekunlaşması ardıcıllığına uyğun olaraq Xəzər rayonu Binə qəsəbəsi üzrə digər küçə və yollarda da işlərin davam etdirilməsi nəzərdə tutulur.

Misal olaraq qəsəbənin 4.8 km uzunluğa malik “Binə aqrokompleksi” yaşayış massivinin yollarını göstərmək olar ki, yaxın müddətdə bu və digər küçə və yolarda da təmir-tikinti işləri aparılacaq.

Azvision.az


Teqlər: AAYDA   binə  





Xəbər lenti