"Ötən ilə nisbətən qar ehtiyatı daha çox olub" - Asif Verdiyev

"Ötən ilə nisbətən qar ehtiyatı daha çox olub" -  Asif Verdiyev
  18 Mart 2019    Oxunub:3892
"Qarölçmə işləri respublika ərazisində 4 istiqamət üzrə əvvəlcədən müəyyən edilmiş 23 qarölçmə marşrutunda aparılıb və müvəffəqiyyətlə tamamlanıb".
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Əkbər Əsgərov deyib.

O bildirib ki, periodik olaraq hər il mart ayında, yaz-yay gursululuq dövründə çayların axımının proqnozlaşdırılması məqsədilə Böyük və Kiçik Qafqazın çay hövzələrində qar ehtiyatları hesablanır, qar örtüyünün hündürlüyü, qarın çəkisi və sıxlığı üzərində müşahidələr aparılır, qarın sululuğu müəyyən edilir.

Qarölçmə ekpedisiya qrupunun rəhbəri Asif Verdiyev qeyd edib ki, qarölçmə marşrutları Böyük və Kiçik Qafqazda müvafiq olaraq 580–2920 m və 1000-3000 m yüksəklikləri əhatə edib: "Hazırda bütün marşurutlar üzrə hesablama işləri aparılır. Hesablama işləri başa çatdıqdan sonra qar ehtiyatları və gursululuq dövründə fəsillik hava proqnozu haqqında məlumatlara əsaslanaraq gursululuq dövründə iri su anbarlarına (Şəmkir, Mingəçevir, Araz və s.) Kür, Araz və Qanıx tranzit çayları ilə daxil olacaq axımın və yerli dağ çaylarının sululuğunun proqnozu tərtib edilərək müvafiq qurumlara təqdim olunacaq. Ötən ilə nisbətən Kiçik Qafqaz, Daşkəsən və Göygöldə qar ehtiyatı daha çox olub".

Ekpedisiya qrupunun üzvü Ramil Qədirov isə əlavə edib ki, ölçü işləri Böyük Qafqazın Balakən-Zaqatala, Qax-Şəki, Oğuz-Qəbələ, Quba-Qusar rayonlarının ərazisindən axan çayların və Kiçik Qafqazın Daşkəsən-Gədəbəy-Göygöl rayonlarının ərazisindən axan çayların hövzələrində aparılıb.

Qeyd edək ki, ölçü işləri əvvəlki illərə nisbətən daha geniş formatda təşkil olunub. Departamentin yerli və regional qurumlarından cəlb olunmuş 15 nəfər mütəxəssisin iştirakı ilə təşkil olunmuş ekspedisiyalar 12 gün davam edib.

Azvision.az


Teqlər: ETSN   qarölçmə  





Xəbər lenti