DSX-nin Ermənistanla sərhəddə yeni hərbi hissəsi istifadəyə verilib - FOTOLAR
Tədbirdən əvvəl Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil qoyub, qızıl gül dəstələri düzüb, Azərbaycan Sərhəd Mühafizəsinin banisi olan Dahi Öndərə dərin hörmət və ehtiramlarını ifadə ediblər.
Hərbi hissənin açılışı münasibətilə təşkil olunmuş təntənəli mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan sərhədçisinin dövlətçiliyimizin və sərhədlərimizin keşiyində ayıq-sayıq dayandığını, Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyəti üçün cənab Ali Baş Komandanın tapşırıqlarını icra etməyin böyük şərəf və yüksək məsuliyyət olduğunu bildirib, Azərbaycan Respublikasının Prezidenti Silahlı, Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqəti sayəsində Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində şəxsi heyət üçün yüksək xidməti və məişət şəraitinin yaradılmasını qeyd edib.
Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürülməsinin dövlət sərhədlərinin bütövlüyünün təmin edilməsinin başlanğıcı olması xüsusi vurğulanıb, Azərbaycan sərhədçisinin Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmr və tapşırıqlarını böyük şərəflə icra etməyə hər zaman hazır olması bildirilib.
Tədbirdə iştirak edən Qazax rayon İcra Hakimiyyətinin başcısı Rəcəb Babaşov sərhədçiləri təbrik edərək onlara şərəfli xidmətlərində uğurlar arzulayıb.
Tədbir zamanı xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltifləndirilib.
Açılışı bildirən rəmzi lent kəsildikdən sonra hərbi hissəyə baxış keçirilib. Hərbi hissədə xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili və sərhədçilərin istirahəti üçün hər cür şərait yaradılıb. Yeni hərbi hissədə qərargah və idarəetmə bölmələri üçün binalar kompleksi, müddətli hərbi qulluqçuların kazarma binaları, hərbi qulluqçular və ailə üzvləri üçün xidməti mənzillər, tibb məntəqəsi, texniki təyinatlı binalar, döyüş texnikası parkı inşa olunub, 150 metr dərinlikdə artezian quyusu qazılıb.
Həmçinin yerli əhaliyə köməklik məqsədilə Dövlət Sərhəd Xidməti tərəfindən yeni kənd tibb məntəqəsinin inşası davam etdirilir.
Təntənəli mərasimin bədii hissəsində Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin, rəqs ansamblının, vokal-instrumental qrupunun, tanınmış müğənnilərin ifaları, şəxsi heyət qarşısında çıxışları hərbi qulluqçular tərəfindən böyük rəğbətlə qarşılanıb.
Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və qonaqlar şəxsi heyətlə birlikdə nahar ediblər.
Səfər çərçivəsində Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti düşmənlə təmas xəttində yerləşən sərhəd döyüş məntəqələrində xidməti-döyüş fəaliyyətinin vəziyyəti ilə tanış olmuş, sərhədçi əsgərləri Novruz bayramı münasibətilə təbrik ediblər.
Azvision.az
Teqlər: DSX