Nazir OPEC+ tədbiri çərçivəsində bir sıra görüşlər keçirib
Manuel Kevedo Fernandes Venesuelada neft hasilatının kəskin azalmasının qarşısını almaq üçün tədbirlər görüldüyünü, ixrac bazarlarının şaxələndirilməsi üzərində işlədiklərini diqqətə çatdırıb. Hindistana neft ixracının dayandığını deyən nazir Rusiya və Çinin əsas istiqamətlər kimi nəzərdən keçirildiyini bildirib.
Görüşdə Venesuelanın Dövlət Neft Şirkəti ilə əməkdaşlıq məsələlərinə dair də fikir mübadiləsi aparılıb.
BƏƏ-nin energetika və sənaye naziri Suheyl əl-Mazrui ilə görüşdə isə energetika sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilib. Qaz və bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalında xərclərin azaldılması və səmərəliliyə nail olunmasında BƏƏ-nin təcrübəsi ilə bağlı fikir mübadiləsi aparılıb. Bu istiqamətdə birgə əməkdaşlıq edilməsi təklif edilib. Görüşdə, həmçinin bərpa olunan enerji sahəsində “Masdar” şirkəti ilə əlaqələrin intensivləşdirilməsinin vacibliyi də qeyd olunub.
İraqın Baş nazirinin müavini, neft naziri Tamer əl-Qadban ilə görüşdə İraq-Azərbaycan münasibətlərindən söz açılıb, iki ölkənin neft-qaz sahəsində əməkdaşlıq əlaqələrindən bəhs edilib. OPEC+ formatı çərçivəsində əməkdaşlıq, SOCAR vasitəsilə İraq mənşəli, eləcə də bu istiqamətdə xam neft və neft məhsullarının dünya bazarına təchizatı, neft-qaz mütəxəssislərinin Azərbaycanda hazırlanması kimi məsələlərdən danışılıb.
P.Şahbazov Azərbaycanın qədim neft diyarı olduğunu, həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələr və neft gəlirlərinin idarə olunması üçün yaradılmış Dövlət Neft Fondunun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
İraqın neft naziri isə öz ölkəsinin neft sənayesində qazandığı uğurlardan danışıb, dünya bazarında neftin qiyməti ilə bağlı tendensiyalar, İraqın OPEC-dəki fəaliyyəti haqqında məlumat verib. İraqın neft sənayesində modernləşmə və reabilitasiya tədbirlərinin prioritet olduğu qeyd edilib.
Energetika naziri Əlcəzairin “Sonatrach” neft və qaz şirkətinin icraçı direktoru Əbdülmömin Uld Qaddurun rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşüb. P.Şahbazov bildirib ki, Azərbaycan və Əlcəzair hökumətləri arasında neft-qaz sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmaq üçün hazırdır və bu sənəd karbohidrogen layihələri, neft-kimya sənayesi, LNG və neft məhsullarının nəqli və satışı kimi bir çox istiqamətdə əməkdaşlığı genişləndirəcək.
Azvision.az
Teqlər: Energetika-Nazirliyi