Şəkinin su və kanalizasiya sistemi yenilənir

  19 Mart 2019    Oxunub : 957
Şəkinin su və kanalizasiya sistemi yenilənir
Qədim tarixə və böyük turizm potensialına malik Şəki şəhərində əhalinin içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihənin icrası sürətlənmdirilib.
“Azərsu” ASC-dən Azvision.az -a verilən məlumata görə, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilən layihənin növbəti mərhələsində yeni subartezian quyuları qazılacaq, içməli və tullantı su şəbəkələri tikiləcək. Layihənin icra vəziyyəti və görüləcək işlər Şəki şəhərində keçirilmiş təqdimatda geniş müzakirə olunub. Şəki Şəhər İcra Hakimiyyətinin, “Azərsu” ASC-nin, məsləhətçi və podratçı şirkətlərin nümayəndələrinin iştirak etdiyi tədbirdə layihənin məqsədi, faydası, tikinti-quraşdırma işlərinin icra qrafiki, ekoloji əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirib ki, bu layihə əhalinin sosial rifahının yüksəldilməsi, həyat şəraitinin yaxşılaşması və məşğulluğunun təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov Prezident İlham Əliyevin əhalinin içməli su təchizatının yaxşılaşdırılmasını daim diqqətdə saxladığını xatırladaraq Şəki şəhərində layihənin birinci mərhələsi üzrə işlərin uğurla yekunlaşdığını vurğulayıb.

Təqdimat zamanı məlumat verilib ki, “Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının (KFW bankı) birgə maliyyələşdirdiyi “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində həyata keçirilir. Layihənin icrasından 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla 79 min nəfər faydalanacaq.

Layihənin birinci mərhələsində əhalini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün Kiş mənbəyində sugötürücü qurğu və 13 su anbarı inşa edilib. Eyni zamanda şəhər ərazisində 124 km içməli su və 98 km kanalizasiya şəbəkəsi yaradılıb. Yeni tikilmiş şəbəkədən abonentlərə ev birləşməsi verilərək sayğaclar quraşdırılıb. Şəki şəhərinin böyüməsi, əhali artımı və turizm potensialı nəzərə alınaraq içməli suya olan tələbatın tam ödənilməsi üçün 15 yeni subartezian quyusu qazılacaq. Artezianların dayanıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə generator stansiyası quraşdırılacaq. Su mənbəyi ilə anbarların əlaqələndirilməsi məqsədilə ümumi uzunluğu 4 km olan toplayıcı su kəmərləri inşa ediləcək.

Şəhər ərazisində içməli su və tullantı su şəbəkələrinin də tikintisi davam etdiriləcək. Cari ildə 30 km içməli su və 30 km kanalizasiya şəbəkələri inşa olunacaq. Yeni yaradılan şəbəkədən abonentlərə birləşmə verilərək sayğaclar quraşdırılacaq. Layihə çərçivəsində “Şəki Sukanal” TSC üçün müasir tipli yeni inzibati bina tikiləcək. Layihəyə əsasən, ümumilikdə Şəki şəhərində 22 min kubmetr tutumu olan 21 su anbarının, 314 km içməli su və 294 km tullantı su şəbəkələrinin tikintisi nəzərdə tutulur. Tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə ilkin mərhələdə məhsuldarlığı sutkada 8000 kubmetr olan tullantı sutəmizləyici qurğu da inşa ediləcək.

Azvision.az

Teqlər: Azərsu   Şəki