59 dövlət əmlakı hərraca çıxarılıb
Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsindəki “Material Təchizat” adlı səhmdar cəmiyyətinin nizamnamə kapitalının 43 faizlik səhm paketi investor tərəfindən özəlləşdirilib. Dövlət müəssisəsinin fəaliyyət sahəsinə təchizat, ticarət və məişət üzrə xidmətlər aiddir. Ümumi torpaq sahəsi 8,8 min kvadratmetr olan səhmdar cəmiyyətinin ərazisində inzibati bina, gözətçi binası, anbar və digər binalar var.
Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələrinə ticarət obyektləri aiddir. Belə ki, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nəsrulla Əsgərov küçəsində yerləşən 46 saylı mağazanın ümumi faydalı sahəsi 85,4 kvadratmetrdir. Ticarət və digər xidmət obyekti kimi istifadəyə imkan verən əmlakı iştirakçı 6 min 750 manata özəlləşdirib.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərraclardan biri aprelin 23-də keçiriləcək. Özəlləşdirmə prosesinə ümumilikdə 59 dövlət əmlakı çıxarılıb. Onlardan 43-ü kiçik dövlət müəssisə və obyekti, 14-ü qeyri-yaşayış sahəsi, 2-si isə yarımçıq tikilidir. Uğurlu biznes imkanları olan kiçik dövlət müəssisələrinin ümumi faydalı sahəsi 4 kvadratmetr ilə 2095 kvadratmetr arasındadır. Hərraca çıxarılan bu növ dövlət əmlakları sənaye, inşaat, xidmət və digər sahələrə aiddir. Qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 12,5 kvadratmetr ilə 213,7 kvadratmetr arasındadır. Xidmət və ofis obyekti kimi istifadəyə imkan verən bu dövlət əmlaklarından 7-si Bakıda, 4-ü Sumqayıtda, digərləri isə Bərdə, Daşkəsən və Sabirabadda yerləşir.
Hərraca çıxarılan hər bir dövlət əmlakı barədə ətraflı məlumat əldə etmək istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Dövlət əmlakları üzrə seçim edən şəxslər elektron formada qeydiyyat və sifariş prosedurlarından keçərək iştirakçı statusu qazana bilər. Hərrac keçirildiyi gün iştirakçılarla bərabər, adi şəxslər də hərraca onlayn formada qoşula bilər.
Azvision.az