Belarusda erməni yalanı ifşa edilib
Minsk Dialoqu ekspert təşkilatının rəhbəri Yevqeni Preyqermanın açdığı tədbirdə iştirak edən Belarusun xarici işlər nazirinin müavini Oleq Kravçenko özünü müstəqil hesab edən hər bir ölkə kimi, Belarusun da suverenliyi ən yüksək dəyərlərdən biri kimi gördüyünü qeyd edib. O, Belarusun hələ Avropa İttifaqına (Aİ) daxil olmaq fikrinin olmadığını və Aİ-ni çətin vəziyyətdə onlara kömək edə biləcək müttəfiq kimi görmək istədiklərini bildirib. Nazir müavini Belarusun öz suveren maraqlarını Avrasiya İqtisadi Birliyi çərçivəsində tamamilə həyata keçirə bildiyini qeyd edib.
Benyamin Poqosyan çıxışı zamanı Azərbaycanın və Türkiyənin adını çəkmədən öz milli məsələlərinin mahiyyətini açmağa çalışıb, anti-Azərbaycan və anti-Türkiyə xarakterli fikirlər səsləndirib. O, çıxışı zamanı Ermənistanı Rusiya ilə qədim tarixi əlaqələrin bağladığını qeyd edərək, vaxtilə Rusiyanın guya Cənubi Ermənistan torpaqlarını İran imperiyasından azad etdiyini və müsəlmanların təzyiqinə məruz qalan Ermənistanın xristian əhalisinin xilas olduğunu söyləyib. Ermənistanın Türkiyə və Azərbaycanın arasında yerləşməsi səbəbindən özünü qorumaq məqsədilə suverenliyinin müəyyən hissəsinin Rusiyaya güzəştə getdiyini qeyd edib. Hazırda Rusiyanın Ermənistanın enerji istehsalı və daşınmaları sistemini, mobil operatorları sahəsini və dəmir yolunu idarə etdiyini bildirib. Ermənistan ərazisində Rusiyanın hərbi bazasının və hava hücumundan müdafiə sisteminin ölkəsinin təhlükəsizliyi üçün vacib olduğunu söyləyib. Ermənistanın Avropa İttifaqı, Amerika və NATO ilə də əlaqələrinin qurulduğunu qeyd edib, lakin Rusiya ilə münasibətlərinə zərər verə biləcək layihələri qəbul edə bilmədiklərini vurğulayıb.
Erməni nümayəndəsindən sonra çıxış edən Almaniyanın Manatee Global Advisors təşkilatının icraçı direktoru Dastin Daxe suverenliyə həsr olunmuş bir seminarda B.Poqosyanın Ermənistanın suverenliyinin müəyyən hissəsinin Rusiyaya güzəştə getdiyinə dair fikrinin təəccüblü olduğunu və təhlükəsizliyini təmin etmək üçün suverenliyini itirməyin məntiqini anlamadığını söyləyib.
Tədbirdə iştirak edən Türkiyənin Belarusdakı səfiri Kezban Nilvana Drama suverenliyin qorunması üçün ürəkağrıdan köhnə məsələləri unutmağı və irəliyə baxmağı tövsiyə edib.
Səfir L.Qəndilov, öz növbəsində, qeyd edib ki, tədbirdə çıxış etmək fikri olmasa da, erməni tərəfinin yeni “tarixi faktlar” açıqlaması onu fikir söyləməyə məcbur edib. Səfir İran ərazisinin Cənubi Ermənistan olduğuna dair faktı ilk dəfə eşitdiyini təəccüblə qeyd edib, İran nümayəndələrinin sözügedən tədbirdə iştirak etmədiklərini təəssüflə vurğulayıb və onların bu məsələyə lazım olan cavabı verə biləcəklərini söyləyib. Səfir 1918-ci il mayın 28-də Şərqdə yaradılmış ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin ərazisinin 114 min kvadratkilometr olduğunu, 1991-ci ildə öz müstəqilliyini bərpa edərək SSRİ-nin tərkibindən çıxan Azərbaycan Respublikasının ərazisinin 86,6 min kvadratkilometr qaldığını və bunun da 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu vurğulayıb.
L.Qəndilov SSRİ-nin yaradılmasından sonra ermənilərə dövlət qurmaq üçün Azərbaycanın ərazisi olan İrəvan xanlığının və sonra isə İranla sərhədinin olması üçün Zəngəzurun da verildiyini bildirib. Səfir Ermənistanın işğal etdiyi Dağlıq Qarabağın ətrafındakı 7 rayonun ərazisinin Dağlıq Qarabağdan 2 dəfə böyük olduğunu vurğulayıb. 1993-1994-cü illərdə BMT tərəfindən Ermənistanın Azərbaycanın işğal etdiyi ərazilərinə dair 4 qətnamə qəbul olunmasına və işğal olunan ərazilərin qeyd-şərtsiz boşaldılmasının tələb olunmasına baxmayaraq, Ermənistanın bu şərtləri bu günə qədər həyata keçirmədiyini bildirib. O, əslən ermənilərin işğal etdiyi Şuşa şəhərindən olduğunu və Şuşa şəhərinin Füzuli küçəsi 2 ünvanında anasının doğulduğu evi və ölülərinin qəbirlərini ziyarət edə bilmədiyini söyləyib. Ermənistanın öz suverenliyinin müəyyən hissəsini başqa ölkəyə güzəştə getməsinin səbəbinin təhlükəsizliyinin təmin olunması deyil, işğal etdiyi əraziləri müdafiə etmək olduğunu vurğulayıb və bunu beynəlxalq ictimaiyyətin bilməli olduğunu qeyd edib.
Səfir Dağlıq Qarabağ bölgəsində bir nəfər də azərbaycanlının olmadığını və ermənilər tərəfindən etnik təmizləmə siyasətinin aparıldığını bildirib. Ermənistanın apardığı bu etnik təmizlə siyasətinin bariz nümunəsi kimi, 1992-ci il fevralın 26-da Xocalı şəhərinin 12 minlik əhalisinə qarşı soyqırımı törədilib.
L.Qəndilov Azərbaycanın hazırda öz bölgəsində müstəqil dövlət kimi beynəlxalq təşkilatlarla və dövlətlərlə bərabərhüquqlu əməkdaşlıq etdiyini və müstəqil xarici siyasət yürütdüyünü vurğulayıb. Regionda ərazisində heç bir başqa xarici hərbi qüvvə olmayan yeganə ölkənin Azərbaycan olduğunu qeyd edib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında bilavasitə iştirak etdiyini qeyd edib. Azərbaycanın Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng layihələri reallaşdırdığını söyləyib. Bu il isə Trans-Adriatik qaz boru kəmərinin istifadəyə veriləcəyini vurğulayıb. L.Qəndilov almaniyalı məruzəçi Dastin Daxeyə Ermənistanın suverenliyi ilə bağlı söylədiyi həqiqətlərə dair təşəkkürünü bildirib.
Səfir belə tədbirə Cənubi Qafqaz regionundan Ermənistan nümayəndəsinin çağırıldığı təqdirdə, Azərbaycan və Gürcüstan nümayəndələrinin də dəvət edilməsinin vacibliyini söyləyib və əks halda, seminarda dialoq yox, monoloqun alındığını vurğulayıb.
Azvision.az
Teqlər: Belarus Azərbaycan