“AXC-Müsavat cütlüyü imkan verdi ki, Ermənistan torpaqlarımızı zəbt etsin”

  02 Aprel 2019    Oxunub : 636
“AXC-Müsavat cütlüyü imkan verdi ki, Ermənistan torpaqlarımızı zəbt etsin”
"Bizim mülki vətəndaşlarımız da döyüşlər zamanı qəhrəmanlıq göstərmişlər. Bir neçə mülki şəxs Ermənistanın təxribatı nəticəsində həlak olmuşdur, yüzlərlə ev sıradan çıxıb, yandırılıb"
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində hərbi qulluqçularla görüşdə deyib.

Ölkə başçısı bildirib ki, bütün evlər qısa müddət ərzində bərpa edilib: "Döyüşlərdən sonra getdiyim həmin o təmas xəttinə yaxın yerləşən kəndlərdə vətəndaşlarla görüş əsnasında gördüm ki, bu vətəndaşlarda nə qədər milli ruh var, bunlar nə qədər qorxmaz insanlardır, atəş altında qalaraq öz doğma evlərini, kəndlərini tərk etməmişlər.

Döyüşlər nəticəsində Cocuq Mərcanlı kəndinə yeni həyat verildi. Cocuq Mərcanlı qısa müddət ərzində yenidən quruldu, 150 fərdi ev, məktəb, uşaq bağçası, tibb məntəqəsi, Şuşa məscidinin bənzəri olan məscid tikildi, yeni iş yerləri yaradılır. Yəni, Cocuq Mərcanlıya həyat qayıdıb. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq. Bu, bir daha onu göstərir ki, hər bir Azərbaycan vətəndaşı bir arzu ilə yaşayır - bizim işğal altındakı torpaqlarımız tezliklə azad olunsun və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsin".

Dövlət başçısı əlavə edib ki, müstəqilliyimizin ilk illərində torpaqlarımız işğal altına düşüb: "Bunun səbəbi də odur ki, o vaxt hakimiyyətdə olan qüvvələr öz yarıtmaz fəaliyyəti ilə imkan verdilər ki, Ermənistan torpaqlarımızı zəbt etsin. AXC-Müsavat cütlüyünün xəyanətkar fəaliyyəti nəticəsində işğal edilmiş torpaqlarda Ermənistan silahlı qüvvələri möhkəmləndi, Ermənistanla Dağlıq Qarabağ arasında canlı bağlantı yaradıldı və düşmənə imkan verdi ki, öz işğalçılıq siyasətini davam etdirsin. Ancaq ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdandan sonra vəziyyətdə dəyişiklik edildi, uğurlu Horadiz əməliyyatı aparıldı. Horadiz əməliyyatı nəticəsində 20-dən çox yaşayış məntəqəsi işğalçılardan azad edildi. Bu gün Horadiz şəhəri və həmin o kəndlər çiçəklənir, canlanır, orada ən yüksək səviyyədə işlər görülür".

Azvision.az

Teqlər: İlham-Əliyev