AKP Ankara və İstanbulda niyə uduzdu? - Əsas səbəblər

  02 Aprel 2019    Oxunub : 4525
AKP Ankara və İstanbulda niyə uduzdu? - Əsas səbəblər
“Binəli Yıldırım sanki bekar qalmasın deyə İstanbul bələdiyyəsi sədrliyinə namizəd irəli sürülmüşdü”
Türkiyədə martın 31-də keçirilən bələdiyyə seçkilərində 44,31 faiz səslə hakim Ədalət və İnkişaf Partiyası (AKP) yenidən qələbə qazanıb. Cümhuriyyət Xalq Partiyası (CHP) isə 30,11 faiz səslə ikinci olub. Digər yerlərdə İYİ parti (7,45 faiz), MHP (7,31 faiz) və HDP(4,24 faiz) yer alıb.

Paytaxt Ankarada CHP-nin namizədi Mansur Yavaş (50,91 faiz) qalib gəlib. AKP təmsilçisi Mehmet Özhaseki cəmi 47,1 faiz səs yığa bilib. Türkiyənin digər əsas şəhərində də müxalif CHP hakim partiyanı üstələyib. Belə ki, İstanbulda seçkilərin favoriti Binəli Yıldırım hesab olunsa da, CHP-nin namizədi Əkrəm İmamoğlu 48, 79 faizlə birinci olub. B.Yıldırım isə 48, 51 faiz səslə rəqibinə uduzub.

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Araz Aslanlı Azvision.az -a müsahibəsində AKP-nin böyük şəhərlərdəki uğursuzluğunun səbəbləri barədə danışıb.



- Araz müəllim, ümumən Türkiyədə keçirilən bələdiyyə seçkilərinin nəticələrini necə qiymətləndirirsiniz? Nəticələr gözlənilən idimi?

- Türkiyədəki bələdiyə seçkilərinin nəticələri əsasən gözlənilən idi. Çünki hakim Ədalət və İnkişaf Partiyasının (AKP) birincilik mövqeyini qoruyacağı, Cümhuriyyət Xalq Partiasının (CHP) böyük şəhərlərdə uğur əldə edəcəyi, Xalqların Demokratik Partiyasının (HDP) bələdiyyə sayı itirəcəyi əvvəlcədən proqnozlaşdırılırdı. Türkiyədə bütün seçkilərə təsir edən iqtisadi amilin seçkilər üzərindəki təsiri gözlənilən idi. Şəxsən mənim üçün seçkinin nəticələri sürpriz olmadı.

- Böyük şəhərlərdə, xüsusən paytaxt Ankara və İstanbulda seçkinin belə bir nəticə ilə yekunlaşacağı da gözlənilən idi?

- İzmirdə, həm bu şəhərin ideoloji bazasına, həm namizədlərin xalq tərəfindən qəbul olunma vəziyyətinə, həm də keçirilən rəy sorğularına görə, seçkinin nəticələri təxmin olunurdu. Ankara və İstanbul haqqında isə xüsusi danışmaq lazımdır. Ankarada tam rəsmi olmayan nəticələrə görə qalib olan Mansur Yavaş əvvəlki seçkilərdə də əslində qələbə çaldığını, amma qanun pozuntuları olduğunu iddia etmişdi. Baxmayaraq ki, hakim partiya indikindən daha güclü idi. Yəni bu halda, ilk iştirak etdiyi seçkidə də ciddi uğur qazanmışdı. Mansur Yavaş fərdi keyfiyyətlərinə görə, rəqibi Mehmet Özhasekidən öndə idi. AKP-nin namizəd dəyişikliyi etməsi, bu məsələdə hakim partiyada fikirayrılığının olması, Ankaraya ankaralı olmayan namizəd irəli sürülməsi və aparılan kampaniya bu məğlubiyyətin başlıca səbəbləridir. Ona görə də Mansur Yavaşın qələbəsini qətiyyən sürpriz kimi qiymətləndirmirəm. Amma AKP-nin ankaralı olmayan namizədlə Ankarada bu səviyyədə rəqabət havası yaratmasının özü hakim partiya üçün bir uğurdur.



İstanbula həm ölkə prezidentinin xüsusi önəm verməsi, həm də illərdir bu şəhəri AKP-nin uğurla idarə etməsi fonunda seçkinin nəticələrini sürpriz saymaq olar. Çünki AKP sanki İstanbul üçün siyasi kariyerasını bitirmək üzrə olan Binəli Yıldırımı irəli sürmüşdü. O, nəqliyyat naziri, baş nazir və parlament sədri idi. İndi də sanki bekar qalmasın deyə İstanbul bələdiyyəsi sədrliyinə namizəd irəli sürülmüşdü. Bəlkə də İstanbula hakim partiya daha gənc və daha enerjili namizəd irəli sürsəydi, İstanbulu ala bilərdi. Amma təcrübəli olsa da, Binəli Yıldırımın qarşısındakı gənc namizədlə müqayisədə daha az enerjili görünməsi, səslərin nisbətinə təsir etdi. Çox yaxın səs faizlərini yaradan faktor Əkrəm İmamoğlunun Binəli Yıldırımdan daha müsbət imicli namizəd olmasıdır. Binəli Yıldırım Ərdoğana sadiq namizəd kimi tanınırdı. Çünki uğurlu layihələr icra etsə də, həm nəqliyyat naziri olduğu, həm baş nazirliyi, həm də parlament sədrliyi dövründə siyasətçi kimi müəyyən səhvlərə yol vermişdi. Amma Ərdoğanın İstanbuldakı bələdiyyə seçkilərini udduğu dövrə baxsaq, onun ritorikası, siyasi polemikaya girmə qabiliyyəti Binəli Yıldırımdam tamamilə fərqli idi. Hazırda Ərdoğanın 1994-cü ildə yaratdığı ab-havanı eyni olmasa da, müəyyən dərəcədə CHP-nin namizədi Əkrəm İmamoğlu yarada bildi. Ümumi götürsək, İstanbuldakı nəticə mənim üçün sürpriz deyil. Amma xüsusi proqnozlaşdırdığım hal da deyil. Çünki səs faizlərindəki fərq çox azdır.



- Sizin də qeyd etdiyiniz kimi, AKP İstanbul və Ankarada rəqibləri qarşısına qalib gəlmə ehtimalı az olan namizədlər çıxarmışdı. Daha güclü namizədlər irəli sürüb, bəlkə də seçkini udmaq şansı varkən nə üçün AKP belə bir addım atdı? Bu yeni bir siyasi gediş idi?

- AKP əvvəlki dövrlərdə yaşadığı problemləri nəzərə alaraq, namizədlər müəyyənləşdirərkən peşəkarlardan, enerjililərdən uzaqlaşaraq sədaqətlilərə üstünlük verdilər. Yəni sədaqət amilinə daha çox önəm vermişdi. Yəni daha sədaqətli komanda ilə yola davam etməyi üstün tutmuşdular. Ona görə də bunun naminə müəyyən riskə qatlandılar. 90-cı ilərdə Türkiyədə siyasətçilər belə bir ifadə səsləndirirdi – “Ceketimi atsam kazanır”. Yəni heç nə etməsələr belə qələbə qazana bilər. Hakim partiya son illərdəki bütün seçkiləri istər siyasi, istər iqtisadi, istər partiyadaxili problemlər yaşadıqları və seçki texnologiyalarında səhvə yol verdikləri halda uğur qazanmışdılar. Bəlkə də bu onları bir qədər rahatlaşdırmışdı. Hesab edirəm ki, bütün bunlar seçkinin nəticələrinə təsir etdi. Bunlarla yanaşı cəmiyyətdə yorğunlu, müəyyən yenilik axtarışı, müxalifətin öz aralarındakı problemləri arxa plana keçirib, nəyin bahasına olursa-olsun AKP-yə zərər vermək istəyi əvvəlki seçkilərlə müqayisədə bu səviyyədə deyildi.



- Araz müəllim, HDP-nin əldə etdiyi nəticələr gözlənilən idi? Onlar bəyan edir ki, hansı siyasi qüvvəyə dəstək versələr, onlar qalib gəlir. Razısınızmı bu fikirlərlə?

- Türklərin kompakt yaşamadığı şəhərlərdə bu məqam müəyyən dərəcədə rol oynayır. Buna məhəllə-məhəllə baxmaq lazımdır ki, kürdlərin kompakt yaşadığı ərazilərdə hansı siyasi partiya daha çox səs alıb. Ümumilikdə isə onların səsinin rol oynadığı şübhəsizdir. Amma kürdlərin kompakt yaşadığı ərazilərdə HDP əvvəlki seçkilərlə müqayisədə mövqe itirib. Bu, onu göstərir ki, kürdlərin əhəmiyyətli bir hissəsi tam HDP-nin istəyi ilə hərəkət etmir. HDP-nin tətbiq etməyə çalışdığı siyasətin onlar üçün xoşbəxtlik gətirəcəyinə inanmırlar. HDP onlara nə vəd verirsə, onların bir hissəsi AKP tərəfindən həyata keçirilib. PKK terroruna dəstəyin isə onlara firavanlıq gətirmədiyini müşahidə edirlər. Çünki bu hal illərlə davam edən təhlükəsizlik problemi yaradır. Bu səbəblərdən irəli gələrək kürd əsilli seçicilərin əhəmiyyətli bir hissəsi mövqeyində dəyişiklik etdi. Yəni kürd əsilli seçicilərin səsləri tam olaraq HDP-nin nəzarəti altında deyil.



- Böyük şəhərlərin bir hissəsinin itirilməsini və HDP-nin də müəyyən qədər nəticə əldə etməsi AKP iqtidarına hansı mənfi təsirlər göstərəcək? Bunlar hakim partiyanın siyasətində korrektlərə gətirib çıxara bilərmi?

- Bir məqama diqqət edək. Bir bizim söylədiyimiz və İstanbul, Ankara, İzmiri nəzərdə tutan böyük şəhər ifadəsi var. Bir də Türkiyədəki Böyük Şəhər anlayışı var. Türkiyədəki Böyük Şəhər anlayışı ilə gedəndə yenə də çoxluq AKP-dədir. Ümumi aldığı səsə görə də yenə qalibdir. Amma psixoloji amil kimi, xüsusən Ankara və İstanbulun AKP tərəfindən itirilməsi hakim partiyada mənfi məqam kimi qiymətləndirilir. Bunu seçkinin axşamı, qalibiyyət haqqında danışan Ərdoğanın və onu dinləyənlərin simasındakı ifadədə görmək mümkün idi. Doğrudan da AKP böyük səs alıb. Nəzərə alsaq ki, AKP ilk dəfə parlamentə düşərkən və böyük qələbə qazandıqlarını söylədikləri seçkidə 34 faiz səs almışdı. Bununla artıq neçənci dəfədir ki, onlar 40-ın üzərində səs alırlar. Ona görə də bu seçkini AKP üçün böyük qələbə hesab etmək olar. Amma Ankara və İstanbulun əllərində olmaması AKP-nin gələcək seçkilərdə əldə edəcəyi səslərə təsir edə bilər.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Türkiyə   Seçki