Ağdaşlı çağırışçılar hərbi xidmətə yola salındılar

Ağdaşlı çağırışçılar hərbi xidmətə yola salındılar
  02 Aprel 2019    Oxunub:1963
Prezident İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamına müvafiq olaraq aprelin 2-də Ağdaş rayonunda “Vətənin müdafiəsinə hazıram!” devizi altında çağırışçı gənclərin hərbi xidmətə təntənəli yolasalma mərasimi keçirilib.
Azvision.az -ın məlumatına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX), rayon icra hakimiyyətinin, vətəndaş cəmiyyəti institutlarının, ictimaiyyətin nümayəndələri və çağırışçı gənclər əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının şöbə rəisi, polkovnik Niyaz Məmmədov, rayon icra hakimiyyəti başçısının müavini Aynur Novruzova ordu sıralarına yola düşən gənclərə ən xoş arzularını çatdırıb, Vətən qarşısında borclarını layiqincə yerinə yetirəcəklərinə əminliklərini ifadə ediblər.

Vurğulanıb ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu gün Silahlı Qüvvələrimizin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizamı, döyüş ruhu ilə seçilən və düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan ordunun formalaşmasına nail olub.

Gənclər Fondunun nümayəndəsi Emil Yusifov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli gənclərimizə Vətənimizin keşiyində ayıq-sayıq dayanmağı, onun ərazi bütövlüyünün təmin olunması kimi şərəfli və məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəlməyi, habelə Aprel döyüşlərində düşmən təxribatının qarşısını alarkən rəşadətli ordumuzun qəhrəmancasına şəhid olan əsgər və zabitlərinin, bütövlükdə şəhidlərimizin qisasının alınmasını arzulayıblar.

“Qarabağ Müharibəsi Veteranları, Əlilləri, Şəhid Ailələri” İctimai Birliyinin Ağdaş rayon təşkilatının sədri İsmayıl Xudiyev, çağırışçı Amil Məmmədovun babası, şəhid atası Zaman Məmmədov, çağırışçı Şaban Şabanzadə və başqaları Vətənin müdafiəsinin hər bir Azərbaycan vətəndaşının müqəddəs borcu olduğunu söyləyiblər.

Tədbirdə Şəmistan Əlizamanlının və rayonun özfəaliyyət kollektivinin ifasında vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib, məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya təqdim edilib. Sonda çağırışçı gənclər üçrəngli Azərbaycan bayrağını öpərək hərbi xidmətə yola düşüblər.

Azvision.az


Teqlər: SHXÇDX  





Xəbər lenti