Çağırışçı gənclər hərbi xidmətə yola salınıblar
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdırıb. O, Vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçıları, onların valideynlərini və yaxınlarını təbrik edərək, ordu quruculuğu prosesində qazanılmış uğurlardan danışıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin rəisi, mayor Nazim Çələbiyev çıxış edərək Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində Silahlı Qüvvələrimizin modernləşdirildiyini və Azərbaycan Ordusunun hazırda regionun ən güclü ordusuna çevrildiyini vurğulayıb. Bu gün hərbi xidmətə yola salınan gənclərin qorxmaz, cəsur və layiqli əsgər olacaqlarına inam ifadə edilib.
Mərasimdə çıxış edən Aprel döyüşlərinin iştirakçısı Rufin Aslanov, şəhid atası Hüseyn Hüseynov, valideyn Fiqurə Yusibova çağırışçıların hərbi xidmət zamanı nizam-intizamlı olmalarının, vətənimizin, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmalarının, komandirlərin tapşırığını layiqincə yerinə yetirmələrinin vacibliyindən danışıb və gənclərə şərəfli əsgər həyatı arzulayıblar.
Çağırışçılar adından çıxış edən İlkin Qocayev Azərbaycan əsgəri adını şərəflə daşıyacaqlarını, hərbi sirlərə dərindən yiyələnəcəklərini, xalqımıza Aprel zəfərini yaşadanların davamçıları olacaqlarını söyləyib.
Rəngarəng konsert proqramı ilə davam edən mərasimin sonunda gənclər Azərbaycan bayrağını öpərək həqiqi hərbi xidmətə yola düşüblər.
Azvision.az
Teqlər: Hərbi-Xidmət Ağstafa