FHN-də kollegiya iclası: “Diqlas”dakı nöqsanlar açıqlandı - (FOTOLAR)

  FHN-də kollegiya iclası:    “Diqlas”dakı nöqsanlar açıqlandı -  (FOTOLAR)
  03 Aprel 2019    Oxunub:4783
2 aprel 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Aparatında Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə geniş Kollegiya iclası keçirilib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, kollegiya iclasında nazir müavinləri, nazirliyin Aparatının struktur bölmələri və qurumlarının rəhbərləri iştirak edib.

İclasın gündəliyində duran birinci məsələ olaraq cari ilin fevral ayının 5-də və 6-da Şamaxı, Ağsu və İsmayıllı rayonlarının ərazisində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə əlaqədar görülən işlərə toxunan nazir K.Heydərov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər zaman olduğu kimi, bu dəfə də hadisəyə çevik reaksiya göstərməsi, zəlzələnin nəticələrinin operativ aradan qaldırılması istiqamətində mühüm tapşırıqlar verməsi, dərhal zəlzələ bölgəsinə gedərək çətin vəziyyətə düşmüş insanlara dayaq nümayiş etdirməsi onun hər bir azərbaycanlının Prezidenti olduğunu bir daha göstərmiş oldu. Bu mənada, cənab Prezident tərəfindən böyük humanist addım olaraq zəlzələdən ziyan çəkmiş evlərin, sosial və infrastruktur obyektlərinin tikintisi, bərpa-gücləndirmə və təmir işləri ilə əlaqədar imzaladığı sərəncamlar xüsusi qeyd olunmalıdır.



Nazir, həmçinin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə zəlzələ zonasında böyük işlərin görüldüyünü də diqqətə çatdırıb.

Sonra iclasda çıxış edən nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov Şamaxı, Ağsu və İsmayıllı rayonlarının ərazisində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı bugünədək görülən işlərdən danışıb. Qeyd edib ki, hadisədən dərhal sonra zəlzələdən zərər görmüş evlərin sakinləri sığınacaqlarda və yaxın qohumlarının evlərinə yerləşdiriliblər. Hazırda zəlzələ zonasında təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində bütün zəruri işlərin görüldüyünü deyən C.Xanlarov komissiyaların operativ şəkildə işlərini davam etdirdiyini vurğulayıb. Qeyd edib ki, 2 aprel 2019-cu il tarixinə 8810 müraciət qeydə alınıb və agentliyin mütəxəssisləri tərəfindən 8352 fərdi yaşayış evinə baxış keçirilib.



Onun verdiyi məlumata görə, hazırda Şamaxı rayonu ərazisində 267 qəzalı, 1227 evin bərpaya ehtiyacı olması, İsmayıll rayonu ərazisində 101 qəzalı, 290 evin bərpaya ehtiyacı olması və Ağsu rayonu ərazisində 215 qəzalı, 351 evin bərpaya ehtiyacı olması müəyyən edilib. Şamaxı rayonu ərazisində aprelin 2-nə olan məlumata əsasən, 47 ev sökülüb, 40 evin tikintisinə başlanılıb, İsmayıll rayonu ərazisində 10 ev sökülüb, 10 evin tikintisinə başlanılıb, Ağsu rayonu ərazisində 22 ev sökülüb, 6 evin tikintisinə başlanılıb. Göstərilən rayonlar üzrə ümumilikdə 79 ev sökülüb, 56 evin tikintisinə başlanılıb.



Bundan başqa, Şamaxı şəhəridə 2 girişli, 4 mərtəbəli, 44 mənzilli yaşayış binasının tikintisi üçün agentliyin “Azərdövlətlayihə” İnstitutu tərəfindən layihə-smeta sənədləri hazırlanıb və hazırda yaşayış binasının tikintisi davam etdirilir. Bundan əlavə, Şamaxı rayonunda bərpa işlərinin aparılması məqsədilə 235 evdə ölçü işləri aparılıb və bundan 132 evin layihə-smeta sənədləri hazırlanır. C.Xanlarov qeyd edib ki, baş vermiş təbii fəlakət nəticəsində adları çəkilən rayonlarda ziyan çəkmiş sosial obyektlərə də komissiyalar tərəfindən baxış keçirilib. Keçirilmiş baxış nəticəsində Şamaxı rayonunda 2 qəzalı, 4 bərpaya ehtiyacı olan sosial obyekt, İsmayıllı rayonunda 3 qəzalı, 6 bərpaya ehtiyacı olan sosial obyekt, Ağsu rayonunda 4 qəzalı sosial obyekt müəyyən edilib.



C.Xanlarov söküntü-tikinti, habelə layihələndirmə işlərinin aparılmasına hava şəratinin yağmurlu keçməsinin və kommunikasiya xətlərinin köçürülməsi ilə bağlı qarşıya çıxan problemlərin mane olduğunu qeyd edərək əlavə edib ki, bu problemlərin aradan qalxması sayəsində bir ay ərzində bütün qəzalı evlərlə bağlı söküntü-tikinti işlərinə başlanılacaq və qarşıya qoyulmuş tapşırıqlar vaxtında və keyfiyyətlə icra ediləcək.

Nazir K.Heydərov zəlzələnin vurduğu ziyanın həcminin müəyyən edilməsi, o cümlədən yaşayış evləri və sosial obyektlərə komissiyalar tərəfindən baxışın, söküntü-tikinti işlərinin sürətləndirilməsi, tikinti işlərinin ən yüksək standartara uyğun aparılması barədə tapşırıqlar verib.



Daha sonra Kollegiya iclasının gündəliyində duran ikinci məsələ olan martın 26-da Bakı şəhərinin Nizami rayonunda yerləşən “DİQLAS” ticarət mərkəzində baş vermiş yanğın hadisəsi ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayoru İsrayıl Əliyev həmin obyektdə yanğın təhlükəsizliyi qaydalarının pozulmasına dair geniş məlumat verib.

O, bildirib ki, DYNX-in əməkdaşları yanğına qarşı mövcud vəziyyəti müəyyən etmək üçün 2018-ci ildə obyektdə videoçəkiliş aparıblar. Həmin videonun müşayiəti ilə İsrayıl Əliyev izah edib ki, obyekt yanğına qarşı su hovuzu və avtomatik yanğınsöndürmə qurğusu ilə təmin olunmayıb, obyektin elektrik təsərrüfatı Elektrik Qurğularının Quraşdırılması Qaydalarının tələblərinə cavab vermədən istismar olunub, obyektin təxliyyə yolları müxtəlif əşyalarla tutulub və bununla da əraziyə sərbəst giriş-çıxış məhdudlaşdırılıb, obyektdə malların yığılması zamanı yanğına qarşı ara məsafələrinə riayət edilməyib, obyekt tüstü xaricəetmə və normativ sənədlərin tələblərinə uyğun ventilyasiya sistemləri ilə təmin olunmayıb, obyekt yanğına qarşı su hovuzu ilə təmin olunmayıb, obyektətrafı ərazi müxtəlif avtomobillərlə tutulub, onların xüsusi ayrılmış yerlərdə saxlanılmaqla hadisə zamanı yanğınsöndürmə avtomobillərinin sərbəst yaxınlaşması mümkün olmayıb.



İsrayıl Əliyev qeyd edib ki, Dövlət Yanğın Nəzarəti Xidməti qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində “DİQLAS” ticarət mərkəzində yanğın təhlükəsizliyi qaydalarının pozulması və bu pozuntuların aradan qaldırılmasının zəruriliyi ilə bağlı ticarət mərkəzinin rəhbərliyini və digər aidiyyəti şəxsləri dəfələrlə rəsmi şəkildə xəbərdar edib. Bildirib ki, bütün müraciətlərə baxmayaraq, adı çəkilən ticarət mərkəzində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı pozuntular aradan qaldırılmayıb. Ümumiyyətlə, obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ilə razılaşdırılmayıb. O, əlavə edib ki, ölkə ərazisində insanların kütləvi toplaşdığı digər yerlərdə yanğın təhlükəsizliyi qaydalarının pozulması halları və bu pozuntuların aradan qaldırılmasına dair aidiyyəti üzrə məktublar ünvanlanıb.



Sonra çıxış edən Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Füzuli Əsədov “DİQLAS” ticarət mərkəzində baş vermiş yanğının söndürülməsi ilə bağlı həyata keçirilmiş tədbirlər barədə ətraflı məruzə edib. O, əlavə edib ki, obyektdə yanğın təhlükəsizliyi qaydalarının kobud şəkildə pozulması, obyektin su hovuzu və daxili su kranlarının işlək vəziyyətdə olmaması, yanğın hidrantlarının və su hovuzlarının uzaq məsafədə yerləşməsi, yanğınsöndürmə işləri üçün uzaq məsafədən (800, 1000 m) müxtəlif istiqamətlərdən suyun çəkilməsi, ərazidəki ticarət obyektlərinin sıx yerləşməsi və həmin obyektlərin yanğının sürətlə yayılmasına səbəb ola biləcək materiallarla üzlənməsi yanğının qarşısının vaxtında alınmasında böyük çətinliklər yaradıb. Buna baxmayaraq, görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının ətraf ərazilərə yayılması və daha böyük fəsadların qarşısı alınıb. Belə ki, “DİQLAS” ticarət mərkəzinin zirzəmisinin mənfi 2 və 3-cü mərtəbələri (zirzəmi) içərisində olan mallarla birlikdə 5000 m2 sahədə, yaxınlıqda olan təsərrüfat malları bazarı 2 ha ərazidə, meyvə-tərəvəz bazarı 2,5 ha ərazidə və 3 mərtəbəli “LOTOS” ticarət mərkəzi yanğından mühafizə olunub.

Nazir Kəmaləddin Heydərov “DİQLAS” ticarət mərkəzindəki yanğınla bağlı yaradılmış istintaq-əməliyyat qrupuna bütün lazımi materialların verilməsinə dair aidiyyəti üzrə göstərişlər verib. O, həmçinin, ölkədə insanların kütləvi toplaşdığı məkanlarda, o cümlədən ticarət və əyləncə obyektlərində yanğın təhlükəsizliyinin təmin edilməsi üçün aidiyyəti üzrə tədbirlərin görülməsinə dair DYNX-in rəisi İsrayıl Əliyev və DYMX-in rəisi Füzuli Əsədova müvafiq tapşırıqlar verib.

Azvision.az


Teqlər: FHN   Diqlas   Yanğın  





Xəbər lenti