“O vaxta kimi Raqufun kəşfiyyatçı olduğunu bilmirdik” - “Murov qartalı” (FOTOLAR)

 “O vaxta kimi Raqufun kəşfiyyatçı olduğunu bilmirdik” -  “Murov qartalı” (FOTOLAR)
  03 Aprel 2019    Oxunub:19776
Aprel döyüşlərinin 3-cü ili tamam olur. Bu döyüşlərdə şücaət göstərərək şəhidlik zirvəsinə ucalan hərbçilərimizdən biri də Raquf Orucovdur.
"Murov Qartalı" ləqəbilə tanınan polkovnik-leytenant Raquf Orucov 1972-ci il 12 iyulda Ağdam rayonunun Cinli kəndində anadan olub.

Raquf ailəsinin ilk şəhidi deyil. Doğma Ağdamın işğalı zamanı onun anası və 3 yaxın qohumu şəhid olub. O zaman Raquf Ağdamın yaxınlığında – Əsgəran rayonunun Naxçıvanik kəndi uğrunda gedən döyüşlərdə iştirak edib. Anası şəhid olanda söz vermişdi ki, bu qisası düşməndən alacaq. O, Azərbaycan Ali Hərbi Məktəbində təhsilini başa vurduqdan sonra yenidən döyüş bölgəsində xidmətini davam etdirib.



Raquf 1996-cı ildə Murovdakı “N” saylı hərbi hissədə kəşfiyyat bölüyünün komandiri idi. Müxtəlif dövrlərdə cəbhənin ən qaynar nöqtələrində kəşfiyyat qruplarının düşmən arxasında həyata keçirdiyi onlarla uğurlu əməliyyatların əsas təşkilatçılarından və iştirakçılarından biri də məhz Raquf Orucov olub.



2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olan "Murov qartalı" polkovnik-leytenant Raquf Orucov həmin ayın 5-də son mənzilə yola salınıb. Sumqayıt Şəhidlər Xiyabanında keçirilən vida mərasimində 10 000-dən çox insan, Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, deputatlar və ictimaiyyət nümayəndələri iştirak edib.



Şəhidin övladı Aqşin Orucov göstərdiyi qəhrəmanlığa görə atası ilə fəxr etdiyini deyir: "Atamla fəxr edirəm ki, o, vətəni uğrunda şəhid oldu. Şəhidlik onun qazanacağı ən böyük zirvə idi. Atam torpağı üçün yaranmışdı, torpaq üçün də getdi. O, həmişə anasının həsrətini çəkirdi. Atam heç vaxt evdə gördüyü işlər, keçirdiyi əməliyyatlar barədə danışmazdı. Düşünürəm ki, əsl kəşfiyyatçı belə də olmalıdır. Bizə bir qədər pis gəlirdi, soruşurduq ki, biz sənin ailənik, niyə bizdən işlərini gizlədirsən? Onun üçün hər şeydən öncə vətən gəlirdi".

Şəhidin qardaşı Zabil Orucov: "Raquf bölük komandiri işləyəndə 6 əsgəri dumanda yolu səhv salaraq düşmən tərəfinə keçmişdi. Qardaşım əsgərlərinin əvəzində 3 erməni əsgərini düşmən tərəfindən əsir götürmüşdü. Onlardan biri hərbi hissə komandirinin bacısı oğlu, biri bacısının yoldaşı, digəri isə sıravi əsgər olub. O vaxta kimi Raqufun kəşfiyyatçı olduğunu bilmirdik. Qəzetdən oxuduq ki, Raquf qəhrəmanlıq göstərərək 3 erməni əsgərini əsir götürüb. Raquf cəbhədən 30-40 kilometr düşmən tərəfə gedərək ermənilərin mühüm obyektlərini çəkib gətirirdi . O, sirrini heç ailəsinə də vermirdi. Heç ailəsi də çox şeyi bilmirdi. Bildiklərini özü ilə qəbir evinə apardı".



Raquf Orucovun həyat yoldaşı Sevinc Orucovanın xatirələri: "Sonuncu dəfə evə gələndə tələsirdi. Dedi ki, vaxtım azdır, təcili qayıdacağam. Qardaşlarına zəng edib çağırdım ki, Raquf evə gəlib, gəlin onunla görüşün. Raquf kələm dolmasını çox xoşlayırdı. Onun üçün bir qazan kələm dolması bişirmişdim ki, özü ilə aparsın. O da aparmadı. Döyüşlər vaxtı bir neçə dəfə evə zəng etdi. Deyirdi ki, narahat olmayın məndən. Raquf canından çox sevdiyi vətəni uğrunda şəhid oldu. O, hərbi hissə komandiri kimi əməliyyatlara getməyə də bilərdi, amma rəva bilmirdi ki, əsgərləri onsuz döyüşsünlər".

R.Orucov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib. Onun ən böyük arzusu Ağdamı işğaldan azad etmək idi...







Anar Kəlbiyev
Azvision.az


Teqlər: Raquf-Orucov   Şəhid   Murov-qartalı  





Xəbər lenti