Sahibkarlara güzəştli kredit verilib

  04 Aprel 2019    Oxunub : 814
Sahibkarlara güzəştli kredit verilib
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu bu gün Şabran rayonunda işgüzar forum keçirib.
Azvision.az nazirliyə istinadən xəbər verir ki, tədbir çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri taxılçılıq, intensiv bağçılıq, arıçılıq, istixana təsərrüfatlarının və quru meyvə istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarların investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi vəziyyəti barədə məlumat verən Fondun İdarə Heyətinin sədr müavini Samir Hümbətov bildirib ki, bu ilin I rübündə 143 sahibkarın ümumi dəyəri 84,5 milyon manat investisiya layihələrinin maliyyələşdirilməsinə 22,3 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 750-dən çox iş yerinin yaradılmasına imkan verir. Güzəştli kreditlərin 67,3%-i aqrar sektorun, 32,7%-i müxtəlif sənaye məhsullarının istehsalı və emalının inkişafına verilib.

Qeyd edilib ki, ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 635 investisiya layihəsinin maliyyələşdirilməsinə 203,3 milyon manat güzəştli kredit verilib.

İşgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 36 sahibkara 1,3 milyon manatdan çox güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, bağçılıq, süd emalı və ət kəsimi, bal istehsalı və qablaşdırılması və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 200-dən çox iş yerinin açılması mümkün olacaq.

Tədbir çərçivəsində Şabran rayonunun Ağalıq inzibati ərazisində dövlətin güzəştli krediti ayrılan aqroparka baxış keçirilib.

Dövlət başçısının tapşırığına uyğun olaraq, aqroparkların, iri fermer təsərrüfatlarının yaradılması və mövcuq aqroparklatın genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Hazırda dövlətin dəstəyi ilə ölkənin 33 rayonu üzrə 257 min hektar ərazidə dəyəri 2,2 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatının yaradılması təşviq olunur. Artıq 22 aqropark fəaliyyət göstərir. Bu il ərzində daha 12 aqroparkın istifadəyə verilməsi nəzərədə tutulur. Aqropark və iri fermer təsərrüfatlarının yaradılmasına 160 milyon manat dövlətin güzəştli kreditləri verilib.

Azvision.az

Teqlər: Nazirlik   Sahibkar   Kredit