Yasamalda 5 küçənin təmiri yekunlaşıb

  08 Aprel 2019    Oxunub : 657
Yasamalda 5 küçənin təmiri yekunlaşıb
Dövlət başçısının tapşırıq və sərəncamları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Yasamal rayonu ərazisində kompleks tədbirlər həyata keçirilir.
Qurumdan Azvision.az -a verilən məlumata görə, işlər əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan və ümumi istifadədə olan, sərnişin avtobusların hərəkət etdiyi, sosial obyektlərin yerləşdiyi küçə və yollarda aparılır.

Cari ilin əvvəlindən rayon üzrə start verilən təmir-tikinti işləri çərçivəsində artıq 5.3 km uzunluğa malik 5 küçənin 85 min kv.m-dən çox sahəsində təmir-tikinti işləri aparılaraq yekunlaşdırılıb.

Bu hər birinin uzunluğu 1.6 km olan Məhəmməd Xiyabani və Əsəd Əhmədov küçələri, bu küçələri birləşdirən 0.4 km uzunluğa malik “A Keçidi” küçəsi, 1 km-lik “7-ci Alatava” küçəsi və 0.7 km uzunluğunda Şəfayət Mehdiyev küçəsidir.

Sadalanan küçə və yollar boyu zəruri yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib və bunun ardınca asfaltlanma işləri aparılıb, yeraltı kommunikasiya xətlərinin baxış qapaqları layihə hündürlüyünə qaldırılıb.

İşlərin yekunlaşması ardıcıllığına uyğun olaraq Yasamal rayonu üzrə digər küçə və yollarda işlərin davam etdirilməsi nəzərdə tutulur. Belə ki, yaxın müddət ərzində 12 km-dən artıq uzunluğa malik 5 küçənin təqribən 80 min kv.m sahəsində təmir-tikinti işlərinə start veriləcək. Misal olaraq 1.6 km uzunluğa malik Şamil Əzizbəyov, 1.4 km-lik “1-ci Alatava”, 7 km-lik “2-ci Alatava”, 1.6 km uzunluğunda olan Ümid Əkbərov küçələrini, həmçinin Şəfayət Mehdiyev küçəsinin Landau və Ə.Haqverdiyev küçələri arasında yeləşən 0.8 km-lik hissəsini göstərmək olar ki, yaxın müddətdə bu və digər küçə və yolarda da təmir-tikinti işləri davam etdiriləcək.

Bu yollar vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxaracaq. Bütün işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilir.

Azvision.az

Teqlər: Yol