10 ildə 280 milyard kubmetrədək təbii qaz hasil edilib

10 ildə 280 milyard kubmetrədək təbii qaz hasil edilib
  12 Aprel 2019    Oxunub:2062
2009-2018-ci illərdə Azərbaycanda 279 milyard 194 milyon kubmetr təbii qaz hasil olunub.
Bu illərdə ölkə üzrə illik qaz istehsalında maksimum göstərici ötən il - 30 milyard 490 milyon kubmetr, minimum göstərici isə 23 milyard 681 milyon kubmetrlə 2009-cu ildə qeydə alınıb.

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 5 milyard 952,8 milyon kubmetr təbii qaz hasil olunub. Həmin həcmdən 3 milyard 907 milyon kubmetr əmtəəlik təbii qaz alınıb. Ölkədə qaz istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 34,3 faiz artıb.

İki ayda Azərbaycandakı magistral qaz kəmərləri ilə 5 milyard 270,1 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni dövrünə nisbətən 16,9 faiz artım müşahidə olunub. Qaz nəqlinin 32,7 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 1 milyard 720,9 milyon kubmetr təbii qaz göndərilib.

Qeyd edək ki, Azərbaycanda təbii qazın böyük hissəsi Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından hasil edilir. “Şahdəniz”dən ilk hasilat başlandığı dövrdən bu vaxtadək yataqdan 100 milyard kubmetrdən çox təbii qaz əldə olunub. Əməliyyatların başlamasından indiyədək “Şahdəniz”dən ümumi kondensat hasilatı 25 milyon tona çatıb.

Ötən il isə yataqdan 11,5 milyard standart kubmetr təbii qaz və 2,5 milyon ton (təqribən 20,5 milyon barrel) kondensat hasil olunub. Mövcud “Şahdəniz” qurğularının maksimum hasilat gücü hazırda gündəlik 48 milyon standart kubmetr və ya ildə təqribən 16 milyard kubmetrdir.

“Şahdəniz” yatağından təbii qaz Azərbaycan (SOCAR-a), Gürcüstan (“GOGC” şirkətinə) və Türkiyə (“Botaş” şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə çatdırılır.

Azvision.az


Teqlər: Qaz   Hasilat  





Xəbər lenti