Metroda 7 ventilyator yenisi ilə əvəzlənəcək

  13 Aprel 2019    Oxunub : 808
Metroda 7 ventilyator yenisi ilə əvəzlənəcək
"Bakı Metropolitenində" 2019-cu ildə ventilyasiya avadanlıqlarının yenilənməsi prosesi davam etdirilir.
Azvision.az xəbər verir ki, il ərzində istismar müddətini başa vurmuş 7 ventilyator yenisi ilə əvəz ediləcək. 2018-ci ildə dünyanın aparıcı şirkətlərinin məhsulları arasında aparılmış monitorinqə əsasən, ən sərfəli, səmərəli və Bakı metropoliteninin bütün tələblərini nəzərə alan variant kimi, Rusiyanın "Artyomovsk Maşınqayırma Zavodu “Ventprom” Səhmdar Cəmiyyəti seçilərək müqavilə imzalanıb.

Bildirilib ki, ventilyatorlardan 4-ü “VOM 24R”, 3-ü isə “VOM 20” tiplidir. Onların gücü müvafiq olaraq 75 və 55 kVt, məhsuldarlığı, texniki göstəriciləri Bakı metropoliteninin istismar şəraitinə tam uyğun və qənaətbəxşdir. Yeni ventilyatorların faydalı iş əmsalı, faydalı gücü, titrəyiş və səs-küy həddi və s. texniki göstəriciləri tələb olunan standartlara cavab verir. Cari ilin may ayına qədər Bakıya gətirilməli olan 7 ventilyatordan ikisinin artıq quraşdırılması üzrə işlər başlayıb.

Yeni ventilyatorlar tunellərdə süni havalandırmanın keyfiyyətini bir neçə dəfə artıracaq. Əvvəlki ventilyatorlar 20-30 m3/saniyə məhsuldarlıqla işləyirdisə, yeni nümunələrin havalandırma imkanı 60-70 m3/saniyədir.

Bundan savayı, 2019-cu il ərzində tunel və stansiyaların təbii havalandırılması istiqamətində də mühüm işlərə başlanılacaq. Bu məqsədlə dünyanın qabaqcıl istehsalçılarının məhsulları araşdırıb, tətbiqinin mümkünlüyü, səmərəsi və digər texniki detalları öyrənilib.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Metro