Bu gündən kompensasiyaların verilməsinə başlanılır
Azvision.az xəbər verir ki, kompensasiya ödənilməsi ilə bağlı müəyyən edilmiş mexanizmə əsasən, fəaliyyətdə olan bankların müştərilərinə həmin banklar vasitəsilə, bank olmayan kredit təşkilatı və ləğvetmə prosesində olan bankların müştərilərinə isə "Azərpoçt" MMC vasitəsilə ödənişlərin edilməsi həyata keçiriləcək.
Kompensasiya ödənişlərinin edilməsi məqsədilə fiziki şəxslər növbəlilik prinsipi əsasında kompensasiyanın veriləcəyi yer, tarix və zəruri sənədlər barədə banklar tərəfindən əvvəlcədən SMS və ya zəng yolu ilə məlumatlandırılacaq. Fiziki şəxslər onlara ayrılmış vaxtda müvafiq banka yaxınlaşaraq kompensasiyanı əldə edəcəklər.
Bundan başqa, kompensasiya ödənişi ilə əlaqədar kredit təşkilatlarında vətəndaşların operativ şəkildə xidmət göstərilməsi üçün ayrıca sahə müəyyən olunmuş və müvafiq əməkdaşlar ayrılıb. Bu müddətdə, banklar xüsusi iş rejimində işləyərək vətəndaşlara xidmət göstərəcək.
Qeyd edək ki, kompensasiya alacaq şəxslərin sayı 602.347 nəfərdir. Həmin şəxslərin sayının və həyata keçiriləcək bank əməliyyatlarının həcminin çoxluğunu nəzərə alaraq kompensasiya verilməsi prosesinin optimal təşkili məqsədilə Maliyyə Nazirliyi tərəfindən kredit təşkilatlarına vəsaitlərin köçürülməsi mərhələli şəkildə Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılmaqla həyata keçiriləcək.
Azvision.az
Teqlər: Kompensasiya Kredit Manat