Neft Fondunun vəsaitləri 40 milyard dolları ötüb

  26 Aprel 2019    Oxunub : 852
Neft Fondunun vəsaitləri 40 milyard dolları ötüb
20 illiyini qeyd edən Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin həcmi fondun tarixində ilk dəfə olaraq 40 milyard ABŞ dollarını keçib.
Fonddan Azvision.az -a verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1999-cu ildə yaradılan, bu il 20 illiyini qeyd edən Dövlət Neft Fondunun aktivləri ARDNF-in tarixində ilk dəfə olaraq 40 milyard dolları keçib. ARDNF-in aktivlərinin artımı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən mühüm sosial-iqtisadi islahatların nəticəsində dayanaqlı uzunmüddətli iqtisadi artıma hədəflənmiş siyasətin daha bir nümunəsidir.

Dövlət Neft Fondu bildirir ki, bu ilin yanvar-mart ayları ərzində ARDNF-in büdcə gəlirləri 5 milyard 960,7 milyon manat, büdcə xərcləri isə 2 milyard 640,7 milyon manat təşkil edib. Cari ilin birinci rübü ərzində ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4 milyard 605 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 milyard 833,5 milyon manat, bonus ödənişləri 766,4 milyon manat, tranzit gəlirləri 5,1 milyon manat təşkil edib. Ötən rüb ərzində ARDNF-in vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1 milyard 355,7 milyon manata bərabər olub.

Hesabat dövrü ərzində Neft Fondunun 2019-cu il büdcəsinin icrası çərçivəsində 2 milyard 615 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 19,7 milyon manat vəsait ayrılıb. Yanvar-mart ayları ərzində ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 6 milyon manat təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Dövlət Neft Fondunun büdcədənkənar xərci 332 milyon manat olub.

Martın 31-nə ARDNF-in aktivləri 2019-cu ilin əvvəlinə (38 milyard 515,2 milyon dollar) nisbətən 4,56 faiz artaraq 40 milyard 273,3 milyon dollar təşkil edib. Aktivlərin artımı fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına baş verib.

Azvision.az

Teqlər: ARDNF