Azərbaycan Xəzər dənizində ən böyük donanmaya malikdir
Ötən il istifadəyə verilmiş Lapis-Lazuli marşrutu Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə birləşərək Azərbaycanın tranzit potensialını daha da artırıb. Bu gün Azərbaycan sayı artmaqda olan ölkələr üçün tranzit imkanlarını təmin edir. Azərbaycan Xəzər dənizində 260 gəmidən ibarət ən böyük donanmaya malikdir. Azərbaycanda fəaliyyət göstərən və nisbətən yaxın vaxtlarda tikilmiş gəmiqayırma zavodu istənilən növ gəmini inşa edə bilər. Ötən il biz 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malik yeni beynəlxalq Bakı Dəniz Limanını istifadəyə verdik. Gələcəkdə onun imkanları 25 milyon ton və 1 milyon konteynerə qədər artırılacaq.
Müasir nəqliyyat və logistika infrastrukturu yaratmaqla biz yalnız ölkəmizi mühüm nəqliyyat mərkəzinə çevirmədik. Eyni zamanda, biz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri layihələrində iştirak edən ölkələr arasında əməkdaşlığa töhfə verdik. Beynəlxalq nəqliyyat layihələri ölkələr və xalqlar arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. “Bir kəmər, bir yol” təşəbbüsü nəqliyyat sahəsində yeni imkanlar açmaqla yanaşı, ticarəti, turizmi, xalqlar arasında təmasları təşviq edir və Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olması işinə xidmət göstərir".
Azvision.az
Teqlər: İlham-Əliyev Pekin