Suraxanıda 3 küçə təmir edilib

  26 Aprel 2019    Oxunub : 1375
Suraxanıda 3 küçə təmir edilib
Bakı şəhəri və onun qəsəbələrində vətəndaşların ümumi istifadəsində olan, həmçinin sosial obyektlərin yerləşdiyi və yol örtüyü qənaetbəxş vəziyyətdə olmadığı üçün gediş-gəlişdə problemlər yaşanan küçə və yollarda təmir-tikinti işləri davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, bu cür işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən digər Bakı şəhərinin rayonlarında olduğu kimi Suraxanı rayonunda da davam etdirilir.

Cari ilin əvvəlindən start verilən işlər Suraxanı rayonunun 5 qəsəbəsini əhatə edir. Artıq 1.5 km uzunluğa malik 3 küçədə təmir işləri bitib. Bu Hövsan qəsəbəsində Bağça küçəsi (uzunluğu 520 metr), Yeni Suraxanı qəsəbəsində Aşağı qəsəbə küçəsi (uzunluğu 170 metr) və Əmircan qəsəbəsində Atamoğlan Rzayev küçəsidir (uzunluğu 800 metr). Təmir olunan sahə 10 min kv.m-ə yaxındır.

Hazırda isə Bülbülə qəsəbəsində 2 küçənin təmiri davam etdirilir. Bu 700 metr uzunluğa malik Vüqar Bədəlov küçəsi və 3 km uzunluğunda olan Samir Əliyev küçəsidir. Bu küçələrdə 25 min kv.m sahədə aparılan təmir işləri çərçivəsində zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçələr profilə salınır, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir və bunun ardınca asfaltlanma işləri aparılmaqla yeni yol infrastrukturu yaradılır.

Bu yollar vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.

Yaxın müddət ərzində isə rayonun daha 4 küçəsində təmir işlərinə başlanılması planlaşdırılır. Bu Əmircan qəsəbəsində 2.5 km uzunluğa malik “5-ci döngə” küçəsi, Bülbülə qəsəbəsində 2 km uzunluğa malik 1-ci Bülbülə və Deputat küçələri, Yeni Suraxanı qəsəbəsində isə 1.5 km uzunluğa malik Mərkəzi küçəsidir. Təmir olunacaq ərazi 40 min kv.m-dən çoxdur.

Qeyd edək ki, təmir-tikinti işləri ilkin mərhələdə sözügedən ərazilərdə aparılır. İşlərin yekunlaşması ardıcıllığına uyğun olaraq Suraxanı rayonu üzrə digər küçə və yollarda işlərin davam etdirilməsi nəzərdə tutulur.

Azvision.az

Teqlər: Yol   Təmir