Azərbaycanın ixrac icmalı açıqlanıb
Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin ilk üç ayında Rusiyaya qeyri-neft ixracı 17 faiz, Türkiyəyə 2 faiz, Gürcüstana 58 faiz, İtaliyaya isə 74 faiz artıb.
Cari ilin ilk rübündə Azərbaycandan ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (38,4 milyon ABŞ dolları) birinci, qabığı təmizlənmiş meşə fındığı (38,4 milyon dollar) ikinci və mahlıc (37,4 milyon dollar) üçüncü olub. “İxrac İcmalı”na görə, 3 ayda meyvə-tərəvəz ixracı 103,5 milyon, elektrik enerjisinin ixracı 38,4 milyon, plastmas və onlardan hazırlanan məmulatların ixracı 48,4 milyon, pambıq lifi ixracı 37,7 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 22,3 milyon, kimya sənayesi məhsullarının ixracı 17,6 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 11,6 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 7,5 milyon, pambıq ipliyi ixracının dəyəri 6,4 milyon dollar təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-mart aylarında pambıq lifinin ixracı 2,8 dəfə, alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,8 dəfə, plastmas və onlardan hazırlanan məmulatların ixracı 50 faiz, kimya sənayesi məhsullarının ixracı 42 faiz, pambıq ipliyinin ixracı 34 faiz, meyvə-tərəvəzin ixracı 28 faiz, elektrik enerjisinin ixracı isə 13 faiz artıb. Bu ilin yanvar-mart aylarında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 2 milyard 624 milyon 446 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.
Azvision.az