Bitki mühafizəsi üzrə ilk milli konfrans keçirilib

  02 May 2019    Oxunub : 915
Bitki mühafizəsi üzrə ilk milli konfrans keçirilib
Kənd Təsərrüfatı Nazirliyi Bitki Mühafizəsi üzrə Birinci Milli Konfransı keçirib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, konfrans Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) Dünya Bankı (DB) ilə birgə həyata keçirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində təşkil olunub. Konfransda Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, Nazirliyin əlaqədar alt qurumlarının rəhbər və nümayəndələri ilə yanaşı, Qida Təhlükəsizliyi Agentliyinin təmsilçisi, beynəlxalq təşkilatlarının Azərbaycandakı əlaqələndiriciləri, bitki mühafizəsi üzrə çalışan elmi işçilər, mütəxəssislər, bu sahədə təhsil alan tələbələr iştirak ediblər.

Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov Nazirliyin heyvan və bitki sağlamlığına xüsusi əhəmiyyət verdiyini və bu sahələr üzrə həm dövlət vəsaiti, həm də beynəlxalq təşkilatlarla əməkdaşlıqla bir sara mühüm işlər görüldüyünü bildirib.

“Yer üzündəki 50 min yeməli bitki növündən 15-i dünya əhalisinin qida enerji dəyərinin 90%-ni təşkil edir. Bunlardan ancaq 3 bitki – buğda, qarğıdalı, düyü bu yerin üçdə ikisini zəbt edir. Təkcə bu rəqəmlər bizə bitki mühafizəsinin necə əhəmiyyətli bir fəaliyyət olduğunu söyləməyə əsas verir” – AKİA sədri Mirzə Əliyev belə deyib.

Agentlik sədri ölkədə ilk dəfə keçirilən bu konfransın bitki sağlamlığı, bitki mühafizəsi mövzusunda problem və məsələlərin müzakirəsi platformasına çevriləcəyinə əmin olduğunu vurğulayıb. Konfransda Aqrar Kredit və İnkişaf Agentliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində bitki sağlamlığı sahəsində geniş fəaliyyət görüldüyü qeyd edilib. Azərbaycan Dövlət Aqrar Universitetinin müstəqillik dövründə ilk dəfə olaraq açılmış bitki mühafizəsi ixtisasına bakalavr pilləsi üçün Layihə çərçivəsində beynəlxalq standartlara uyğun kurrikulum və tədris planlarının hazırlandığı, magistr pilləsi üzrə də hazırlanmaqda olduğu bildirilib.

Layihənin Bitki sağlamlığı üzrə mütəxəssisi Nəzakət İsmayılova ölkədə ilk dəfə olaraq Azərbaycan üçün Karantin Əhəmiyyətli Zərərli Orqanizmlərin Atlasının nəşr edildiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Dünyada bitki mühafizəsi üçün innovativ metodlardan sayılan zərərvericilərə qarşı inteqrir mübarizə üsulları – zərərvericilərin inteqrir idarə olunması üzrə ölkəmizdə 3 bölgədə təlimlər keçirildiyini vurğulayan mütəxəssis meyvəçilik, kartof və qarğıdalı bitkiləri üzrə təlimlərin başa çatdığını, hazırda belə təlimin pambıq bitkisi üzrə Goranboy rayonunda keçirildiyini əlavə edib.

Bitki mühafizəsi üzrə mütəxəssis, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov bu sahə üzrə ölkəmizdə kadr hazırlığının vacibliyindən danışaraq, dünyada mövcud müasir bilik və bacarıqların, texnologiyaların kadrlara öyrədilməsinin əhəmiyyətini bildirib.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyəti sədrinin elmi məsələlər üzrə müşaviri Camal Quliyev çalışdığı qurumda bu sahə ilə bağlı görülmüş işlər barədə məlumat verib. Konfrans çərçivəsində Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda tam təchiz olunmuş laboratoriyaların açılışı olub.

Azvision.az

Teqlər: KTN   AQTA