Nazirlik İnnovasiya Müsabiqəsi elan edib

Nazirlik İnnovasiya Müsabiqəsi elan edib
  04 May 2019    Oxunub:4292
İqtisadiyyat Nazirliyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, "Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi." şirkətinin ölkəmizdəki filialı və BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyi ilə birgə Üçüncü Respublika İnnovasiya Müsabiqəsi elan edir.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, müsabiqə BMT-nin "Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyi"ndən irəli Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) təşviqi, innovasiyaların həvəsləndirilməsi, həmçinin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının və Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələrinin icrasına dəstək məqsədi daşıyır. Müsabiqəyə innovativ ideyaları əks etdirən və DİM-in, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının və Milli iqtisadiyyat perspektivləri üzrə Strateji Yol Xəritəsinin prioritetlərini əhatə edən layihələr qəbul olunur: İnklüziv əmək bazarları - aktiv əmək bazarı və məşğulluq tədbirləri ilə bağlı innovativ ideya və ya mexanizm; həssas qrupların (uşaqlar, gənclər, əlillər və sait) cəmiyyətə inteqrasiyası üçün həllər; əməyin təşkili və təşkilati mədəniyyət; iqtisadi məhsuldarlığı yüksəldəcək yeni texnoloji avadanlıqlar və metodlar; innovativ startap və inklüziv biznes inkubator; peşə təhsilinin təşkili ilə bağlı innovativ təlim metodları; dövlət və özəl sektor ilə peşə təhsili müəssisələri arasında qarşılıqlı əməkdaşlıq üzrə innovativ ideya; ali təhsil səviyyəsində innovativ tədris və təlim metodları; distant təhsil üsullarının tətbiqində innovativ yanaşmalar; kreativ sənaye (industriya); daha az kapital tutumlu infrastruktur.

"Yaşıl iqtisadiyyat"ın təşviqi - yaşıl iqtisadiyyat; iqlim dəyişikliyi və təbii fəlakətlərə qarşı erkən xəbərdarlıq ilə bağlı sistemin qurulması və maarifləndirmə; iqlim dəyişikliyi ilə bağlı yerli şəraitdə effektiv planlaşdırma və idarəçilik; ekoloji təmiz şəhər həyatı; ekoloji təmiz nəqliyyat; ekoloji təmiz kənd təsərrüfatı istehsalı; ətraf mühitin təmizlənməsi üzrə texnologiya və ya ictimai innovasiya; enerji səmərəliliyi; alternativ enerji mənbələrindən (külək, günəş və s.) istifadə; tullantıların utilizasiyası; tullantısız və ya az tullantılı texnologiya; ərzaq tullantılarının səmərəli və ekoloji istifadəsi; dəniz və sahilyanı ekosistemlər; meşələrin, bataqlıq ərazilərin, dağların və quru ərazilərin qorunması, bərpası və dayanıqlı istifadəsi; nanotexnologiyalar və onların tətbiqi; biomüxtəlifliyin qorunması; elektron kənd təsərrüfatı sisteminin qurulması; innovativ logistika; yüksək əlavə dəyər yarada biləcək texnologiya və innovativ istehsal metodları; urbanizasiya.

Sosial xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi - innovativ sosial xidmətlər; sosial infrastruktur və ictimai həyatda innovasiya; səhiyyə, təhsil və mədəniyyət sahəsində göstərilən xidmətlərin yüksəldilməsinə yönələn innovativ layihələr; kommunal xidmətlərin keyfiyyətinin artırılması; İKT sahəsində innovasiya; şəhərlərin idarə olunmasında IT həllər (Smart City); dövlət xidmətlərinin göstərilməsi sahəsində IT (İoT) həllər; yaşayış məntəqələrinin planlaşdırılması və idarə edilməsi; turizm, bank və sığorta sahəsində innovativ ideya və ya biznes layihə; dayanıqlı infrastruktur və şəhərlərin qurulması məqsədilə qabaqcıl mühəndislik; cəmiyyətin bütün təbəqələrinin sosial-iqtisadi, mədəni və ictimai həyatda iştirakını təmin edəcək təbliğat-təşviqat; açıq məlumatlardan istifadə üzrə innovativ ideyaların və həllərin tətbiqi.

Müsabiqədə iştirak etmək istəyən namizədlər layihələrini iyulun 19-dək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İdeya Bankı" platforması və ya [email protected] elektron poçtu vasitəsilə təqdim edə bilərlər. Bunun üçün iştirakçılar www.ideya.az internet səhifəsində qeydiyyatdan keçməli, "2019-İnnovasiyalar" müsabiqəsini seçməli, təqdim olunan formanı dolduraraq layihəni göndərməlidirlər. Müsabiqə barədə ətraflı məlumatı www.sdg.az saytından əldə etmək olar.

Müsabiqədə I yer 5000 manat, II yer 3000 manat, III yer 2000 manat mükafatlandırılacaq. Müsabiqə çərçivəsində Qiymətləndirmə Komissiyası tərəfindən bəyənilən layihələr reallaşdırılması və tətbiqi məqsədilə müxtəlif dövlət qurumları, təşkilatları və sahibkarlıq subyektləri üçün təşviq edilməsinə dəstək göstəriləcək. Eyni zamanda, əsas mükafatlandırma ilə yanaşı Komissiya tərəfindən bəyənilən layihələr üzrə həvəsləndirici mükafatlar nəzərdə tutulur.

Bundan başqa, 2019-cu il üçün qalib elan olacaq 2 komanda Estoniyada keçiriləcək "STARTUp Day" proqramına, seçilən 3 layihə isə ölkə finalından sonra təkmilləşdirilmə və satış istiqamətində 4 aylıq intensiv proqrama cəlb olunacaq. Bir və ya 2 qalib layihə hər il həyata keçirilən "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı"nda iştirak etmək hüququ qazanacaq.

Həmçinin müsabiqə qaliblərindən biri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən "Fast Track Azərbaycan" proqramına dəvət olunacaq, seçilən bir layihə isə Data Mərkəzin "Cloud4Start" mükafatını (3000 manat-data və cloud servislər paketi) əldə edəcək.

Azvision.az


Teqlər: Nazirlik   Müsabiqə  





Xəbər lenti