Azərbaycanda Əfqanıstanın 11 şirkəti var

  06 May 2019    Oxunub : 626
Azərbaycanda Əfqanıstanın 11 şirkəti var
Azərbaycan ilə Əfqanıstanın iqtisadi əlaqələri müzakirə olunub. Müzakirələr İqtisadiyyat naziri Şahin Mustafayevlə Əfqanıstanın Azərbaycandakı səfiri Xeyrullah Spelenayın görüşü zamanı aparılıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nazir Şahin Mustafayev Azərbaycana səfir təyin olunması münasibətilə diplomatı təbrik edib, diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə vurğulanıb ki, Azərbaycan və Əfqanıstan prezidentlərinin siyasi iradəsi, qarşılıqlı dostluq münasibətləri siyasi sahədə əlaqələrin inkişafı ilə yanaşı, iqtisadi əməkdaşlığın inkişafına da əlverişli zəmin yaradır.

Şahin Mustafayev qeyd edib ki, Azərbaycan və Əfqanıstan arasında müxtəlif sahələrdə əlaqələr qurulub və inkişaf edir. Əfqanıstanla iqtisadi-ticarət sahəsində 15-dən çox sənəd imzalanıb, ölkəmizdə xidmət, sənaye və nəqliyyat sahələrində 11 Əfqanıstan şirkəti qeydiyyatdan keçib. İqtisadiyyat naziri beynəlxalq platformalarda Əfqanıstanın ölkəmizi dəstəkləməsinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

İkitərəfli əməkdaşlıqda ticarət əlaqələrinin rolunu qeyd edən Şahin Mustafayev, ötən il ticarət dövriyyəsinin 37 faiz, 2019-cu ilin birinci rübündə isə 46 faiz artdığını vurğulayıb. Bununla belə, ticarət əlaqələrinin şaxələndirilməsi üçün imkanlar genişdir. Birgə sərgilərin, biznes-forumların təşkili bu sahədə əməkdaşlığı daha da genişləndirə bilər.

Azərbaycanın əlverişli iqtisadi-coğrafi mövqedə, nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyini qeyd edən nazir, Əfqanıstanın ölkəmizin tranzit potensialından istifadə edə biləcəyini diqqətə çatdırıb.

Qeyd olunub ki, Aşqabadda keçirilmiş Əfqanıstan üzrə Regional İqtisadi Əməkdaşlıq Konfransında (RECCA) Lapis-Lazuli marşrutu üzrə müqavilə imzalanıb. Bu layihənin həyata keçirilməsi nəqliyyat-tranzit əməkdaşlığının genişləndirilməsi baxımından xüsusilə əhəmiyyət kəsb edir.

Xeyrullah Spelenay ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlığın inkişafında maraqlı olduğunu, əlaqələrin genişləndirilməsi baxımından iş adamları arasında görüşlərin təşkilinin faydalı olacağını söyləyib. Səfir ölkəsinə göstərdiyi yardımlara görə, Azərbaycana təşəkkürünü bildirib.

Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi, həmçinin Azərbaycan-Əfqanıstan iqtisadi əməkdaşlıq üzrə birgə işçi qrupunun fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.

Azvision.az

Teqlər: Əfqanıstan   Nazirlik