Bir kisə un oğurladığına görə 16 il həbs cəzası almış 16 yaşlı uşaq – Bəhram Çələbinin yazısı

   Bir kisə un oğurladığına görə 16 il həbs cəzası almış 16 yaşlı uşaq –    Bəhram Çələbinin yazısı
  25 May 2019    Oxunub:7595
Əliyev Cəbrayıl Abbasqulu oğlu 1931-ci il dekabrın 30-da Bakıda, Dağlı məhəlləsində anadan olub. 161 saylı məktəbdə oxuyub. 1947-ci ildə "podelniki" "Ded" Ağakərimlə bir kisə un oğurlayanda yaxalanıb, həmin cinayətə görə 16 il müddətinə həbs olunma cəzasına məhkum edilib və Mingəçevirdəki uşaq koloniyasına göndərilib.
Bir müddət sonra təkrar məhkəmədə bütün günahı öz boynuna götürüb. Keşlədə yerləşən paylama məntəqəsindən birbaşa KarLAQa, oradan Krasnoyarskdakı "reşota”ya – KitoLAQ-a, "Belomor-Kanal"a, Volqa-Dona, AnqarLAQ-a etap olunub.
Monqolustan səhralarında yol çəkilişin-də işləmiş on minlərlə “komsomolçu-könüllülər”dən biri də "Mamlyuk" Cəbrayıl adlandırılan Cəbrayıl Əliyev idi. Monqolustandan Koımaya gətirilən Cəbrayıl Əliyev "Vanin" buxtasında, Maqadan və İndigirkada 55-60 dərəcəlik şaxtalara sinə gərib. Murmansk, Xandıqa, Yakutiya düşərgələrində cəza çəkərək islah olunduqdan sonra Olyokmaya göndərilib.
1953-cü ilin payızında çıxarılan amnistiya qərarı ilə bir çox zeklər evlərinə buraxılsa da, Cəbra-yıl Əliyev yerdə qalan 10 illik cəzasını çəkmək üçün daha ciddi düşərgələrə etap edilib. 1953-cü ildən 1964-cü ilədək adalarda yerləşən “Mirnıy”, Verxoyansk düşərgələrində cəza çəkib.
1964-cü ildə doğma Bakıya qayıdan "Mamlyuk" Cəbrayıl "stukaç" ( işverən) olmağa razılıq vermədiyinə görə şərlənərək 4 il həbs cəzasına məhkum olunub. Ağdam düşərgəsinə, oradan da Şuşa türməsinə göndərilib.
Cəzasını başa vurduqdan az müddət sonra daha bir məhkəmə hökmünü dinləməli olub. Onu 2 il müddətinə azadlıqdan məhrum ediblər.
1974-cü ildə isə yenidən Ciddi Rejimli İslah Əmək Koloniyasında islah olunmağa məhkum edilib.

Bir sözlə, üst-üstə 27 il məhbəs həyatı yaşamış Cəbrayıl Əliyev həmin günlərinin ağrılı-acılı xatirələrini Sizlərlə bölüşür.

SOSİALİZM REALİZMİ

Qarşımda oturan kişinin üzündəki dərin qırışlar, gözlərindəki kin, qəzəb, nifrət və... üsyan onun çox çətin həyat yolu keçdiyindən xəbər verir. Elə təkcə sadaladığı həbs düşərgələrinin adları bəs edir ki, onu Soljenitsinlə bir sıraya qoyasan. Cəbrayıl Əliyev danışanda adamın Soljenitsindən oxuduqları kölgədə qalır... Soljenitsin həmin “Arxipelaq Qulaq”dan sonra məşhurlaşmış, dünya səviyyəli yazıçı-publisistə çevrilmiş, əcnəbi xəstəxanalarda Sovet dövlətinin acığına mükəmməl müalicə olunmuşdu. "Mamlyuk" Cəbrayılsa belə dəhşətlərdən - od, su və keçilməsi mümkünsüz sayılan qaranlıq dünyadan qayıdandan sonra yenidən bir o qədər də əzab çəkməyə məhkum edilmişdi.
Soljenitsin "Nobel" mükafatına təqdim olunarkən "Zolotoy mujik" kimi ad qazanan Cəbrayıl Əliyev kameradakı narada uzanıb, gözlərini tavana dikərək, quruluşa lənətlər yağdırırdı...


Bir çətən külfət idilər. Sovet hökuməti bir tərəfdən çoxuşaqlı ailələrin böyük xanımına "Qəhrəman ana" ordeni verir, digər tərəfdən ailənin heç nə yox, gündəlik yavan çörək tələbatı qayğısına qalmayaraq “iri addımlarla ” sosializm quruculuğuna doğru "gedirdi".
Həbs olunarkən evlərində 7 qardaş idilər. Hazırda biri də sağ deyil.
O, danışanda gözlərində iki iri yaş damcısı yaranır. Onlar heç vaxt yuvarlanıb yanaqlarındakı qırışlarda yox olmur, sürüşüb yerə də düşmür. Yaş damcılarını gözlər yenidən özünə çəkir. Yanğılı bəbəklər onları buxarlandırır.
Mamlyuk danışanda həmişə üzünü şaxtalı təbəssüm dumanı örtür, elə duman ki, tərkibindəki su damla-damla həmsöhbətinin də üzünə toxunur, onu da üşüdür...

Bir kisə un oğurladığına görə quldur kimi 16 il həbs cəzası almış 16 yaşlı uşağın sonrakı taleyindən iki "Səfillər" qalınlığında kitab yazmaq, dörd Jan-Valjan yaratmaq olar.
Hər ikisinin taleyi eynidir. Fərq ondadır ki, Jan Valjanın cəza çəkdiyi məkan – yüz il əvvəlki Fransa, Cəbrayıhn 50-ci illərdə oturduğu Şimal Buzlu okeanının soyuq sularının yuduğu adalarla müqayisədə cənnəti xatırladır.

Əgər sən səbrini basıb "Mamlyuk" Cəbrayılın hekayəsini oxusan, onun işgəncə dolu həyatını vərəqləsən, bu azəri balasının həyat eşqini, yaşamaq həvəsinin Cek Londonun qəhrəmanlarından daha çox olduğunu görərsən.

1947-ci ildə 16 yaşlı Cəbrayıl acından ağlaşan bacı-qardaşlarını sakitləşdirmək üçün bir kisə un oğurlayarkən yaxalanır. "Podelnik"i – "Ded" Ağakərim ondan iki yaş böyük idi. Və onların hər ikisinə 16 il həbs cəzası verilir. Onlardan birini Mingəçevirdəki "Detkalon"a, digərini isə birbaşa Kolımaya – Vorkutaya göndərirlər... Bir müddət sonra təkrar məhkəmə olur və "podelnik" Ağakərimin anasının yalvarışlarına, xahişinə görə Cəbrayıl bütün günahlan öz boynuna götürür... "Podelnik" məhkəməyə cırıq, pambıqları həmin cırıqlardan pırtlayıb çıxan vatnikdə, taykeş çəkmələrdə və kəndirsiz olduğundan qulaqları sallanan papaqda gəlmişdi. Təkrar məhkəmə Cəbrayılın cinayəti haqqında qərarını dəyişməyərək, qüvvədə saxlayır və onu birbaşa Keşlədəki peresılkaya – Paylama Məntəqəsinə göndərdilər.

Böyük qardaşı Valeh onu iki dəfə, Mingəçevirdə uşaq koloniyasında oturarkən yoluxmağa gəlmişdi. İkinci görüşə gələndə anasını və Cəbrayılın “Porsuq” adlandırdığı lap balaca qardaşını da gətirmişdi.
Hələ yenicə "Taqanroq" papirosunun tüstüsünün acısına öyrəşməyə çalışan uşaq – birdən-birə KarLAQa düşür...

Cəbrayılın dediklərindən:

- 1949-cu ildə KarLAQ-ın paylama məntəqəsinə dörd min beş yüz nəfər məhbus hara isə göndərilmək üçün toplanmışdı. Bizi də barakların birinə gətirdilər. Bayırda 40 dərəcədən yuxan şaxta vardı... Külək yalquzaq kimi ulayır, iri qar lopaları tökürdü...

Barakımız dörd yaruslu naralarla hər iki tərəfdən divar boyu uzansa da, oturmağa yer yox idi. Uzanıb yatmaq barədə söhbət ola bilməzdi... Vaxtaşırı üç-üç, beş-beş gətirilən məhbusları əvvəlcə içəri itələyirdilər. Az bir müddətdən sonra ortalıqdakı sahə də doldu. Axşama yaxın gətirdikləri dustaqları birtəhər baraklara yerləşdirmək üçün nəzarətçilər çəkmələrinin dabanlarını onların yumşaq yerinə dirəyərək ayaq üstə dayanmış digərlərinin arasına soxurdular. Naraların mərtəbələri arasındakı məsafə 80-85 sm olardı... Oturmaq çox narahat olsa da, özünə orada yer edənlər üzlərində razılıq hissi ilə mürgüləyirdilər. Bayırda qırx dərəcədən çox şaxta olmasına baxmayaraq, naranın yuxarı mərtəbəsində oturmuş dustaqlar bütün paltarlarını soyunmuşdular.

Mən ayaq üstə dayananların içində idim. Yanımda durmuş iki nəfər astadan söhbət edir, əvvəllər olduqları paylama məntəqəsindən danışırdılar. Belə zənn elədim ki, pıçıldaşanlar “faşist”lər idi.

– Nə gopa basırsan ey, qırx altıda İvanovsk paylama məntəqəsində də belə idi. Mən birbaşa "buxta Vanino"dan gəlirəm... Bilirsən nə qədər dustaq var? Hələ ən böyük zonu, üçüncünü demirəm. Deyilənə görə, orada minlərlə zek hara isə göndəriləcəyini aylarla gözləyir, – deyə, üçüncü söhbətə qoşulur.

– Yox, uşaqlar, heç bura paylama məntəqəsi deyil. Paylama məntəqəsi – Kirovskdakıdır! Gün ərzində yarım kilo çörək, bir stəkan su verirlər... İ basta... Onun sözünü ağzında yarımçıq qoyan dördüncü danışmağa başlayır, – Amma Kotlasda?.. Oy..., oy, oy..!!!. Deməyə söz tapmıram...

Onlar danışdıqca mən dəhşətlə fikirləşirdim ki, görəsən, tale məni hansı "cəhənnəm" ə atacaq? Görəsən, nə vaxtsa bu iztirabların sonu olacaqmı?

– Altı ay bundan əvvəl mən “Krasnoyarsk Reşotıy"da idim. Oradakı peresılkalar bütünlüklə özbəklər, koreyalılar, türkmənlərlə dolu idi. Bir sözlə, qıyıqgözlər. Baş idarədən bir general gəlib, deyib ki, "ölürsünüz və bundan sonra da öləcəksiniz. Nə qədər ki, özünüzü yaxşı aparmağı, işləməyi öyrəşməmisiniz belə də olacaq", – deyə, bir başqası danışmağa başlayır.

Lakin onun sözü yarımçıq qaldı. Hamı üzünü səs-küylə açılan qapıya tərəf çevirdi. Hamının da ürəyindən yəqin ki, mənim kimi bir fikir keçirdi - "bəlkə yemək gətiriblər". Axı, dünən də heç nə verməyiblər.

– Etap getmək üçün hazırlaşın! – sıraya düzülmüş konvoylardan biri qışqırdı, sonra isə əsəbi halda yerə tüpürdü:
– Tfu, nə pis iy gəlir!.. Hamı bir nəfər kimi çıxsın! Qaça-qaça çıxın! Qaçın! – deyə, konvoylar qışqırır, söyür, hay-küy salırdılar...
– Birbaşa "opravka"ya (ayaqyoluna).. Beqom, ya skazal! Beqom! Qaçın!

Hər şeydə tələsiklik, hər yerdə natəmizlik... Həmişə təhqir, hər an söyüş... Konvoyların yanından ötəndə mütləq avtomat qundağı ilə "pinok" almalı idin. Eynilə sonralar kinofilmlərdə baxdığımız faşist konslagerlərinin metodu ilə islah edirdilər bizi... – Haray.. Fit səsi... İt hürüşü! "Pinok"!

İki həftəyəcən KarLAQ paylama məntəqəsində adam əlindən tərpənmək mümkün olmayan barakda oturub, gündə iki dəfə: - əvvəl "opravka"ya, oradan isə yeməkxanaya qovulurduq. Mən yeməkxana deyəndə özümün də gülməyim gəlir. Sıradan on nəfər çağırırdılar, təxminən beş litrlik taslara balanda, onun üstündən də bir çerpak kaşa töküb verirdilər əllərə...
Bəzilərinin alüminium qaşığı vardı... Bəziləri isə əlləri ilə yeməyə girişirdilər. İki həftə sonra yenə komanda eşitdik:
– Çıxın, etap gedirsiniz!

ETAP!

Bizi bərbərxanaya gətirdilər... Hamının başını qırxdılar və hamamın qapısı qarşısına düzüldük... Deməli, etap olunurduq, çoxları kimi, mən də sevinirdim... buradakı əziyyətdən, dəhşətdən, natəmizlikdən cana doymuşdum. Elə hamamdaca öyrəndim ki, əgər bizi porta aparsalar, deməli, adalardan birinə, dəmiryolu stansiyasına tərəf qovsalar, "materik" ə göndərəcəklər.

– Materikə gedirik, – deyə "Çuma" əllərini ovuşdurdu və yanımdan aralanaraq yavaş-yavaş dəstənin birinci cərgələrinə doğru irəliləməyə başladı... Birincilər sırasında "vaqon-zak”a, "Stolıpm"ə qalxmağa onun da haqqı vardı. Sxodkalarda sözü keçən Oğru saydırdı. KarLAQda olduğum vaxt ərzində üç dəfə sxodka keçirmişdilər.
"Sın Polka" "Stolıpin"ə dördüncü adam kimi qalxdı... Konvoylar birinci əlli nəfərin vaqonlara qalxmasını səbrlə seyr etdilər, sonra "Tez olun!", Tez olun!" deyərək, tələskənlik yaratmağa başladılar. Birinci "əllilik" əsl "Oğru"lar idi...

"Vaqon-zak" yerindən tərpənəndə bizim kupedə on iki nəfər vardı. Çoxlarınız qatarla gedib və bilməmiş deyilsiniz ki, bir kupedə dörd nəfər gedə bilər. Yaxşı, qoy olsun altı, olsun yeddi, səkkiz. On iki nəfər həqiqətən çox idi.

“Faşist”lərdən bir-ikisini bizim kupeyə basmışdılar... Onlardan biri iki-üç saatlıq tam sakitlikdən sonra sükutu pozdu:
– İnqilabın təzə-təzə alovlandığı vaxt Vladimir İliç Sibirə sürgün edilibmiş. Volniklərlə eyni, lakin üçüncü dərəcəli vaqonda gedən Lenin yol bələdçilərindən kimi görürsə, əl-qolunu ataraq qışqırırmış ki, "dözülməz dərəcədə sıxlıqdır". Onun bu söylədikləri həqiqətən də bizim hamımıza uyğun lətifə idi. Lakin biz Lenindən fərqli olaraq nə haraya getdiyimizi, nə də neçə gün yol gedəcəyimizi bilmədiyimizdən sakitcə oturmuşduq. Qatar isə haraya isə məchulluğa doğru şığıyırdı.

Gündüzlər "vaqon-zakı" dar dalana soxurdular. Saatlarla hər iki tərəfi yük vaqonları ilə kəsilmiş dalanda gecənin düşməsini gözləyir, gündə iki dəfə yeməyimizi yeyir, iki dəfə isə "opravka"ya buraxılırdıq. Nə idi yeməyimiz? Tam bişməmiş, palçıq kimi çörək, yarım parça duzlu balıq və iki krujka su... Səhərlər hərdən çay da verirdilər. Bir gün çörək payımızı lap azaltdılar. "58-lər"dən biri narazılığını bildirərək konvoyların rəisi ilə görüşmək istədiyini söylədi. Az sonra kapitan çinində birisi dəmir barmaqlıqların önündə dayanaraq:
– Kim idi məni görmək istəyən? – dedi.
– Yoldaş rəis! Bu çörək neçə qram olar? – deyə, "58" soruşdu.
– Ey, murdar, alçaq, mən sənə yoldaş deyiləm! Sizə verilən çörək də nə qədər verilməlidirsə, elə bir o qədərdir!
– Tələb edirəm yenidən çəkin, – deyə, sabiq general çörəyi yerə çırpmaq istəyirmiş kimi hirslə qolaylandı.
- Ay, sənin!.. Alçaq, qiyam təşkil etmək istəyirsən? Bir bu vətən xaininə baxın, buna dəqiqlik lazımdır. Amma mənə elə gəlir ki, sənin özünü asmaq lazımdır. Deməli, Sovet İttifaqı xoşuna gəlmir, hə?.. Alçaq!

"Faşist" general başını aşağı dikib dayanmışdı, dodaqları, əlləri əsirdi... Kapitan qalib görkəmi ilə uzaqlaşandan sonra general ulduzu çıxarılmış qıvrım tüklü hərbi papağını üzünə sıxaraq, ağladı.



Bəhram Çələbi
Azvision.az üçün


Teqlər: Oğru-dünyası   Avtoritet  





Xəbər lenti