İki rayonda yem emalı müəssisələri istifadəyə verilib

  29 May 2019    Oxunub : 647
İki rayonda yem emalı müəssisələri istifadəyə verilib
Ölkə regionlarında kənd təsərrüfatının və heyvandarlığın inkişafına, eləcə də mikro və kiçik sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə dəstək məqsədilə Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində növbəti yem emalı müəssisələri Balakən və Zaqatala rayonlarında istifadəyə verilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən Azvision.az -a verilən məlumata görə, Balakən rayonunun Qazma və Zaqatalanın Qazangül kəndlərində yem emalı müəssisələrinin fəaliyyətə başlaması ilə bağlı İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş tədbirlərdə KOBİA-nın, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, müvafiq yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və yerli sakinlər iştirak ediblər.

Zaqatala rayonunun Qazangül kəndində keçirilmiş tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyəti sədrinin müavini Nadir Adilov, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Şəfizadə, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin nümayəndəsi Riçard Bayes, Qazangül icmasının nümayəndəsi Akif Həsənov çıxışlarında ölkə regionlarında özəl bölmənin, xüsusilə də aqrar sahənin inkişafına göstərilən dövlət dəstəyi tədbirlərindən bəhs edib, yem emalı müəssisələrinin bölgələrdə bitkiçilik və heyvandarlığın inkişafında, yemə olan tələbatın ödənilməsində, eləcə də mikro və kiçik sahibkarlıq fəaliyyətinin genişləndirilməsində əhəmiyyətli olduğunu vurğulayıblar.

Məlumat üçün bildirək ki, Qazma və Qazangül kəndlərində yem emalı müəssisələrinin istifadəyə verilməsi ilə Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən SEDA layihəsi çərçivəsində fəaliyyətə başlamış yem emalı müəssisələrinin sayı 27-ə çatıb. Yem emalı müəssisələrində istehsal sahəsi və anbar inşa olunub, hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən və ot doğrayan avadanlıqlar quraşdırılıb, yeni iş yerləri açılıb.

Mayın 30-da isə Qax rayonunun Tasmalı kəndində yem emalı müəssisəsi yerli sakinlərin istifadəsinə veriləcəkdir.

Azvision.az

Teqlər: