29 sahibkara 1,2 milyon manat güzəştli kredit verilib

29 sahibkara 1,2 milyon manat güzəştli kredit verilib
  30 May 2019    Oxunub:1705
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair növbəti işgüzar forumu bu gün Şamaxı rayonunda keçirib.
Bu barədə Azvision.az -a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, tədbirdə Şamaxı rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və rayon üçün prioritet hesab olunan sahələr kənd turizminin inkişafı, tingçilik müəssisələrinin, eləcə də üzümçülük, kartofçuluq, intensiv bağçılıq, cins heyvandarlıq, arıçılıq təsərrüfatlarının və logistik mərkəzin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara metodiki materiallar paylanıb.

Forumda çıxış edən nazir müavini Sahib Məmmədov özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən dövlət dəstəyi tədbirləri, Fondun özəl bölmənin inkişafında, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib. Bildirilib ki, bu ilin ötən dövründə 416 sahibkarın ümumi dəyəri 159,9 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 41,5 milyon manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 1500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Tədbir çərçivəsində sahibkarların güzəştli kreditlərin alınması mexanizmi barədə sualları cavablandırılıb, Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən 29 sahibkara 1,2 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, bağçılıq, üzümçülük, ayaqqabı istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması 120-dən çox yeni iş yerinin açılmasına imkan verəcək.

Forum çərçivəsində Şamaxıda güzəştli kredit ayrılmış üzümçülük təsərrüfatına baxış keçirilib.

Azvision.az


Teqlər: Kredit   Nazirlik  





Xəbər lenti