“Neft bumu” bir daha geri qayıtmayacaq

“Neft bumu” bir daha geri qayıtmayacaq
  31 May 2019    Oxunub:1838
Neft yenidən ucuzlaşmağa başlayıb. Bir müddət öncə hər bareli 73 dollara ətrafında alqı-satqı edilən "Brent" markalı neft indi 65 dollardan ucuzdur. Bununla da son 3 həftədə neftin hər barelinin qiymətinin 8 dollar azaldığı bəlli olur.
Azvision.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Ekspert bildirib ki, bu ay Birləşmiş Ştatların İrana qarşı sanksiyaları genişləndirməsinə və cənub qonşumuzun neft ixrac imkanlarının minimumlaşmasına baxmayaraq, “qara qızıl” dəyər itirməyə başladı.

"Son qiymət azalmaları şist neft istehsalının artması, Səudiyyə Ərəbistanının gələn aydan hasilatı artacağı ilə bağlı yayılan xəbərlər və ən əsası ABŞ Prezidentinin enerji məhsullarının qiymətinin azalmasının zəruruliyi ilə bağlı bəyanatlar və eləcə də twitləri ilə əlaqədardır. Qlobal neft təklifinin gündəlik 101.42 milyon barel olduğunu nəzər alsaq, bir zəng neft ölkələrinin “qara qızıl” satışından gündəlik gəlirinin 811 milyon dollar azalmasına səbəb olub. Azrəbaycanın gündəlik neft ixracatınn 798 min barel olduğunu nəzərə alsaq, o zaman son qiymət azalmalarının ölkəmizə daxil olan gündəlik neft gəlirlərini 6.4 milyon dollar azaltdığı aydın olur. Qeyd edək ki, bu mənfəət gəliri deyil, xərclər daxil olmaqla Əməliyyat Şirkətinin payı daxil olmaqla əldə edilən bütün gəlirdir".



V.Bayramovun sözlərinə görə, son qiymət azalmaları bir daha təsdiq edir ki, neft ölkələri üçün enerji gəlirlərindən asılılığın aradan qaldırılması əsas prioritet olmalıdır.

"Bu, həmçinin “neft bumu”nun bir daha qayıtmasının mümkünsüzlüyünə işarədir. Azərbaycan üçün həm ixracatda, həm də büdcə gəlirlərində neftin payının azaldılması növbəti illərdə də əsas hədəf olaraq qalmalıdır. Kənar müdaxilələr ilə istənilən zaman neftin qiymətinin kəskin ucuzlaşması mümkündür. Beləliklə, neftin qiyməti məqbul hesab olunsa da, son baş verənlər enerji bazarı üçün nikbin əhval-ruhiyyə formalaşdırmır. Bütün hallarda, Beynəlxalq Enerji Akademiyasının rəhbərinin bəyan etdiyi kimi, neft ölkələri üçün neftdən asılılığın aradan qaldırılması və iqtisadiyyatın şaxələnməsi yeni “şokların təsirlərindən” sığortalanmağın yeganə alternativsiz yolu olaraq qalmaqdadır".

Azvision.az


Teqlər: Neft   Ekspert  





Xəbər lenti