4 ayda 7,1 milyard dollarlıq mal ixrac edilib

   4 ayda 7,1 milyard dollarlıq mal ixrac edilib
  31 May 2019    Oxunub:1437
Yanvar-aprel aylarında Azərbaycanın ixracı 7,1 milyard ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 1,4 milyard dollar və ya 25,6 faiz artıb.
Azvision.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın may sayına istinadla xəbər verir ki, bu müddətdə qeyri-neft sektoru üzrə ixrac isə 583 milyon dollar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-aprel aylarında qeyri-neft sektoru üzrə ixrac 98 milyon dollar və ya 20 faiz artıb. Dörd ayda Rusiyaya 165 milyon, Türkiyəyə 148 milyon, Gürcüstana 62 milyon, İsveçrəyə 45 milyon və İtaliyaya 22 milyon dollarlıq qeyri-neft sektoruna aid məhsul ixrac edilib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk 4 ayında Rusiyaya qeyri-neft ixracı 22 faiz, Türkiyəyə 16 faiz, Gürcüstana 19 faiz, İsveçrəyə 13 faiz, İtaliyaya 2 dəfə artıb.

Yanvar-aprel aylarında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısına mahlıc (57,9 milyon dollar) liderlik edib. Bu siyahıda qabığı təmizlənmiş meşə fındığı (53,7 milyon dollar) ikinci və tomat (49,6 milyon dollar) üçüncü yerdə qərarlaşıb. Ümumiyyətlə, hesabat dövründə meyvə-tərəvəz ixracı 149 milyon, plastmas və onlardan hazırlanan məmulatların ixracı 62 milyon, pambıq lifi ixracı 58 milyon, elektrik enerjisinin ixracı 45 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 32 milyon, kimya sənayesi məhsullarının ixracı 24 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 18 milyon, pambıq ipliyi ixracı 9 milyon dollar, alkoqollu və alkoqolsuz içkilərin ixracı 9 milyon təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,5 dəfə, pambıq lifinin ixracı 2,8 dəfə, pambıq ipliyinin ixracı 42 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 36 faiz, meyvə-tərəvəzin ixracı 34 faiz, kimya sənayesi məhsullarının ixracı 32 faiz artıb.

Apreldə qeyri-neft sektoru üzrə ixrac 167 milyon dollar təşkil edib. Keçən ilin eyni ayı ilə müqayisədə bu ilin aprelində qeyri-neft sektoru üzrə ixrac 38 milyon dollar və ya 29 faiz artıb. Apreldə qeyri-neft sektoruna aid ən çox məhsul Rusiyaya (49,6 milyon dollar), Türkiyəyə (48,6 milyon dollar) və Gürcüstana (12 milyon dollar) ixrac edilib.

Ötən ay qeyri-neft sektoru üzrə ixracda tomat (24 milyon dollar) birinci, daranmaya məruz qalmamış pambıq lifi (20,5 milyon dollar) ikinci, qabığı təmizlənmiş meşə fındığı (15 milyon dollar) üçüncü olub.

Azvision.az



Teqlər: İxrac   İdxal  





Xəbər lenti